18:07

Lənkəran ŞİH ilə ATU arasında müqavilə imzalandı - FOTOLAR

Xəbər24.medianın məlumatına görə, 22 may 2023-cü il tarixində Lənkəran şəhərində “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Müqavilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən imzalanıb. İmzalanan müqavilənin əhəmiyyəti barədə danışan natiqlər son vaxtlar artan yol nəqliyyat hadisələrinin qarşısının alınmasında sözügedən layihənin mühüm rol oynayacağını qeyd ediblər. Vurğulanıb ki, regionların dayanıqlı inkişafı, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi nəzarət olunması hər zaman diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyev ideyalarının laiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hazırda Dayanıqlı İnkişaf Məqsədləri uğurla həyata keçirilir. Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən qəbul olunan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minib. 17 məqsədi özündə ehtiva edən DİM-in 11-ci məqsədi dayanıqlı şəhərlər və icmalara həsr olunub ki, “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məhz sözügedən məqsədin təmin olunmasına xidmət edir. Məqsəd şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etməkdən ibarətdir.



Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru