22:29

QəzənfərAğayev Suparibağ kəndində səyyar qəbul keçirib

Astara Rayon icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vətəndaşlarla müntəzəm xarakter alan səyyar qəbul-görüşləri davam edir. Xəbər24.medianın məlumatına görə, Suparibağ kəndində əhali ilə keçirilən növbəti səyyar qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak esiblər.

İcra başçısı Suparibağ kənd və nümayəndəliyə daxil olan digər kəndlərdə səmərəli və işgüzar şəraitdə keçən görüşlərdə qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını qeyd edib. Bildirib ki, Suparibağ kəndində elektrik xətlərinin bir hissəsi SİP kabelləşdirilib, internet xətti çəkilib, kənddən keçən dairəvi avtomobil yolu təmir edilib. Ümumilikdə nümayəndəliyə daxil olan kəndlərdə isə daha çox işlər görülüb.

Çıxış edənlər Prezidentin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi çoxsaylı dövlət tədbirlərindən razılıqla danışaraq bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Onlar rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla görüşünü, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq həllinə köməklik göstərməsini yüksək dəyərləndiriblər. Sakinlər elektrik xətt təsərrüfatının tam SİP kabelləşdirilməsini, Suparibağ kənd tam orta məktəbinin damının, kanalizasiya sisteminin, su hovuzunun və idman zalındakı elektrik xətlərinin təmirinə, məhəllə yoluna çınqıl döşənməsinə, həyətinə gedən zəbt olunmuş yolun açılmasına, pay torpağının yerinin göstərilməsinə, həyətində təhlükə yaradan elektrik xətlərinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Görüş iştirakçılarının arzu və təklifləri dinlənilib, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib, müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilib.