16:55

MAGİYA-nın növbəti təlim kursu Cəlilabadda reallaşıb

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursunu oktyabrın 22-də Cəlilabad şəhərində keçirib. Xəbər24.medianın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşan yarım günlük təlim kursuna 20 nəfər gənc cəlb olunub.

“Paradoks” Tədris və İnkişaf Mərkəzində keçirilən təlim kursunda həmçinin qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə sektor müdiri cənab Vüqar Cavadov və Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi-ekspert qismində isə Lənkəran Dövlət Universitetinin doktorantı – müəllim Samir Salayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında COP29, Yaşıl dünya və digər ekoloji məsələlər sahəsində bir çox mövzuların – “Ekologiya və ekoloji sistem (ekosistem), Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və təbiətdən istifadə, Ekoloji problemlər və onların həlli yolları, Tullantılar və onların idarə olunması, Ekoloji siyasət: COP29 və Yaşıl dünya naminə həmrəylik ili” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir.

Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.

Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar və aidiyyəti flayerlər təqdim edilmişdir.

Qeyd edək ki, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir.

Əlavə edək ki, növbəti təlim kursları 28.10.2024-cü il tarixində Astara, 29.10.2024-cü il tarixində Lerik, 05.11.2024-cü il tarixində isə Masallı şəhərində təşkil olunacaq.