18:31

Lənkəranın dağ kəndində tibbi aksiya keçirilib

TƏBİB tərəfindən ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaqların, hamilə və zahı qadınların yaşadıqları yerdə müşahidəsini aparmaq, onların tibbi xidmətlərə əlçatanlığını təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirilir.

Xəbər24.medianın məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim və tibbi işçilərindən ibarət briqadasının iştirakı ilə rayonun dağlıq Diryan kəndində sakinlərin tibbi müayinəsi keçirilib.

Diryan kənd həkim məntəqəsində təşkil olunan tibbi aksiyada həkim-kardioloq, həkim-pediatr, həkim-terapevtin iştirakı ilə əhalinin sağlamlıqla bağlı şikayətləri dinlənilib, instrumental müayinələr aparılıb, 40-dan çox sakinin tibbi müayinələri təşkil olunub.

Müayinə zamanı ixtisaslı həkim yoxlanışına ehtiyacı olan kənd sakinləri qeydiyyata alınıb və onların aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilmələri təmin olunub.

Aksiya zamanı həmçinin uşaqların peyvəndlənməsi prosesi həyata keçirilib, valideynlərlə peyvəndləmə haqqında maarifləndirici söhbətlər aparılıb.