20:33

İki Avropa ölkəsinin səfiri Quranın yandırılması ilə bağlı aksiyalara görə İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarka və İsveçin İrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalara görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “RİA Novosti” “Tasnim” agentliyinə istinadən məlumat yayıb.

“Xarici İşlər Nazirliyi İsveç və Danimarka səfirlərini çağırıb, onlar bu ölkələrdə davam edən Qurani-Kərimi təhqir edən aksiyalara etiraz ediblər”, - İran agentliyi xəbər verir.

Xəbərdə həmçinin qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin insan haqları şöbəsinin müdir müavini müqəddəs müsəlman kitabının təhqir olunması ilə bağlı silsilə hadisələrdə bu Avropa ölkələrinin hökumətlərini günahlandırıb.

Cümə günü, avqustun 18-də Stokholmda İraqlı miqrant Salvan Momikanın təşkil etdiyi növbəti Quran yandırma aksiyası keçirilib. Eyni zamanda, İsveç hüquq-mühafizə orqanları yanğınsöndürənlə nümayişçilərə tərəf qaçan və kitabı söndürməyə çalışan qadını nəzarətə götürüb.

Daha əvvəl bildirilmişdi ki, İsveçin yüksək rütbəli siyasətçiləri Quranın yandırılması ilə hərəkətlərə icazə verən ictimai asayiş haqqında qanuna yenidən baxılmasının zəruriliyini bəyan ediblər. Belə bir təşəbbüslə İsveçin energetika, biznes və sənaye naziri Ebba Beş, Liberal Partiyasının rəhbəri Yohan Person və baş nazir Ulf Kristersson çıxış ediblər.