13:18

Mirzo Tursunzadənin böyük oğlu Məsud Tursunzadə vəfat edib

Bu gün, sentyabrın 12-də səhər saatlarında şair, Tacikistan Qəhrəmanı Mirzo Tursunzadənin böyük oğlu Məsud Tursunzadə Düşənbədə dünyasını dəyişib. O, bu gün paytaxtdakı Sarıosiyo qəbiristanlığında dəfn edilib.

Yaxınlarından birinin “Asiya-Plus”a verdiyi məlumata görə, ölümün səbəbi infarkt olub. Mənbə onu da bildirib ki, mərhum son bir neçə ildə diabet xəstəliyindən əziyyət çəkib.

İxtisasca fizik və radio mühəndisi olan Məsud Tursunzadə uzun illər Tacikistanın Texniki Kollecinə (keçmiş tikinti) rəhbərlik edib, son vaxtlar mobil rabitə sahəsində çalışıb.

Qeyd edək ki, Mirzo Tursunzadənin üç övladı - iki oğlu və bir qızı olub.

İki il əvvəl Tacikistan Qəhrəmanının kiçik oğlu Pərviz Tursunzadə dünyasını dəyişib.

Şairin qızı Firuzə Tursunzadə ömrünü elmi axtarışlara həsr edib, professor, fəlsəfə elmləri namizədidir.

Şair Mirzo Tursunzadə 1939-cu ildən 1977-ci ilə kimi - vəfat edənədək 38 il Tacikistan Yazıçılar İttifaqına rəhbərlik edib. O, 1961-ci ildə Tacikistanın xalq şairi, 1967-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 2001-ci ildə isə Tacikistan Qəhrəmanı adına layiq görülüb.