18:29

Şəhid Xəyal Əhədzadənin vəfatının ildönümü qeyd olunub

Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Xəyal Əlövsət oğlu Əhədzadənin vəfatının ildönümü qeyd olunub. Xəbər24.medianın məlumatına görə, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Öncə şəhidin qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.

Daha sonra Taleh Qaraşov şəhidin atası Əlövsət Əhədovla söhbət edib, ailənin qayğı və problemləri ilə maraqlanıb.

İcra başçısı dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözügedən məsələyə həssaslıqla yanaşdıqlarını, daim diqqət mərkəzində saxladıqlarını bildirib. Şəhid atası Əlövsət Əhədov isə öz növbəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısını hiss etdiklərini vurğulayıb və onlara təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan şəhid Xəyal Əhədzadə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi döyüşlərdə fəal iştirak edib və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. Göstərdiyi şücaətə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenləri, “Vətən uğrunda”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.