14:04

FHN-nin Cənub Regional Mərkəzi Lənkəranda "dəyirmi masa" keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda “dəyirmi masa” keçirilib.

Xəbər24.medianın məlumatına görə, tədbirdə FHN-in aidiyyəti yerli qurumlarının, icra və özünüidarə orqanlarının nümayəndələri, müvafiq idarə və müəssisə rəhbərləri, eləcə də yerli sakinlər iştirak ediblər.

Tədbir zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin təşkili, o cümlədən sularda insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunması ilə əlaqədar geniş müzakirə aparılıb.

Tədbirdə maarifləndirici videoçarx və fotoslaydlar nümayiş olunub, suallar cavablandırılıb.