11:20

Xalq artisti Canəli Əkbərovun xatirəsi yad olundu

Xalq artisti, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenli, professor Canəli Əkbərovla ayrılığımızın 3 ilində qonağı olduq. Yaşadığı mənzilində olduğu kimi, son mənzili də qonaq-qaralı idi. Ailə üzvləri, qohum-qardaşları, eləcə də xanəndənin tələbələri, sənətsevərlər xatirə işığına toplaşaraq xatirələrini bölüşdülər.

Anım mərasimi daha sonra sənətkarın yaşadığı mənzildə davam elədi. Akademik, Milli Məclisin vitse-spikeri Azərbaycan Radiosunun “Axşam görüşləri” verilişinin yaradıcısı və aparıcısı Rafael Hüseynovun Canəli Əkbərovun vəfatına həsr etdiyi “Ömür bitər, yol bitməz” adlı verilişini dinlədik. Verilişdə özü bu gün bizim üçün xatirə olan Canəli Əkbərov Xalq artistləri Seyid Şuşinski və Hacı Məmmədovu yanğıyla xatırlayır.

Verilişin nostalji təsirindən sonra xanəndənin qardaşı Tərlan Əkbərov atası Xanəli Əkbərovla bağlı xatirələrini də yada saldı, lent yazılarını səsləndirdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Fondunun sədri Tofiq Əlizadə, “Vətənim Azərbaycandır” saytının rəhbəri Kamran Orucov, xanəndəyə oğlu qədər əziz olan Sabir Əliyev, bacısı oğlanları Elvin Məmmədov, Nazim Aslanov, Nazimin yaxın dostu Hacı Məhəbbət Dadaşov, ailənin yaxın dostlarından Nəriman Mürsəlov və həyat yoldaşı Minayə xanım böyük muğam ustasını xoş xatirələrlə yad etdilər.

Baku Retro FM radiosunun “Sənətin səsi” verilişinin növbəti sayı Azərbaycan incəsənətinə öz töhfələrini vermiş ustad sənətkar Canəli Əkbərovun xatirə gününə həsr olunmuşdu.

Verilişin aparıcısı Sevinc Salahova canlı efirə xanəndənin sonbeşik tələbələri Sərxan Mirzəyevi və Vüsal Qasımovu dəvət etmişdi.

Tələbələr ustadlarını xoş xatirələrlə andılar, repertuarından xalq mahnıları oxudular. Veriliş boyu xanəndənin lent yazılarından nümunələr səsləndirildi. Aparıcı canlı bağlantıya Xalq artistinin qızı Sevinc Salayevanı da qoşdu. Sevinc xanım dinləyicilərlə atası haqqında xatirələrini bölüşdü, verilişin təşkilatçılarına bütün Əkbərovlar nəsli adından minnətdarlığını bildirdi. Canlı yayımdan qayıdan tələbələr canlı ifaları ilə anım məclisinə rövnəq verdilər.

Xanəndənin qardaşı Tərlan Əkbərov, oğlu Namiq Əkbərov, kürəkəni Nurəddin Salayev xatirə işığına toplaşanlara ailə adından təşəkkür etdilər.

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru




[/center]