Bir deyimə görə, yer üzündə ən çətin peşə, ən yüksək vəzifə insan olmaqdır. İnsanlar da var ki, həyatlarını vəzifə sahibi olmağa deyil, qəlbən bağlandıqları peşəyə, sənətə həsr edirlər. Necə deyərlər, ömürləri məşğul olduqları sahənin tarixinə çevrilir.
Bu sözləri, ömrünü-gününü jurnalistikaya həsr edən, bölgə mətbuatının inkişafında böyük əməyi olan dəyərli həmkarım Həsənağa Əliyevə şamil etsəm, zənnimcə yanılmaram.
Bu yazıda ustad yazarın ömür yolunun bəzi məqamlarına toxunmağa çalışdım. Lakin özünə qarşı tələbkar, sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibi, peşəsinin nüfuzunu qoruyan, təəssübünü çəkən istedadlı jurnalistin portret cizgilərini tam yaradacağıma əmin deyiləm.
Noyabrın 1-də, həyatının 52 ilini Masallıda çıxan “Yeni həyat” qəzetinə həsr etmiş tanınmış jurnalist-publisist Həsənağa Murtuza oğlu Əliyevin 75 yaşı tamam olur. O, rayonumuzun Mahmudavar kəndində təvəllüd tapıb. Uşaqlıq illəri yaddaşında silinməz izlər qoyub Həsənağa müəllimin. İndi də valideynlərindən söhbət açarkən, onu əziyyətlə boya-başa çatdıran anasını xatırlayarkən gözləri dolur. Altı yaşında atasını itirən bu insanın qəlbinin saflığı, sadəliyi üzündə, gözlərində görünür.
O, deyir ki, məktəb illərindən sonra əvvəl kənddəki sovxozda, sonra isə “Çağırış” (“Yeni həyat”) qəzeti mətbəəsində mürəttib, çapçı işləyə-işləyə təhsilini davam etdirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Rayon qəzetində korrektor, ədəbi işçi, baş ədəbi işçi, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini olub.
Yazıları cəmiyyətin ruhundan xəbər verib. Necə deyərlər, imzasını masallılara yaxşı tanıdıb. Bu cəhət müəllifə nüfuz və hörmət qazandırıb. Çalışdığı illər ərzində əksər həmkarları kimi o da maneələrlə, qadağalarla, haqsızlıqlarla çox rastlaşıb. 1995-ci ildə qəzetin fəaliyyəti dayandırıldıqdan sonra “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. Digər respublika qəzetləri ilə əməkdaşlıq edib. 2001-ci ildə “Yeni qəzet”ə dəvət alıb. Hazırda “Yeni həyat” qəzetinin məsul katibidir.
Yaradıcılıq əzmi bitib-tükənməyən Həsənağa müəllim böyük həvəslə, yorulmadan yazıb yaradır. Mövzu müxtəlifliyi, yazı ahəngdarlığı, fikir sərbəstliyi ilə seçilən yazıları sevilə-sevilə oxunur. İqtisadi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, idman, ədəbi-bədii, publisistik yazıları ilə yanaşı felyeton, replika və digər janrlı məqalələri aktuallığı ilə seçilir. Tənqidi yazıları oxucular tərəfindən rəğbətlə qarşılanır. Müxtəlif rubrikalar altında “Həsənağa Əli Murtuza” imzası ilə dərc olunan yazıları hər kəsin marağına səbəb olur.
Mükəmməl yaradıcılığa malik, bölgəmizin sayılıb-seçilən yazarlarındandır. Səkkiz publisistik kitabın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədridir. Dəfələrlə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası İdarə Heyətinin üzvü seçilib. Qurumun mükafatını alıb. “Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub.
Ən başlıcası qələmə ehtiramı üstün tutan vətənpərvər həmkarım hər zaman vicdanı öndə düşünən insanlardandır. İşinə məsuliyyətlə yanaşan yorulmaz, səbrli, təmkinlidir, hər kəsi yüksək dinləmə mədəniyyətinə malikdir. Maraqlı fikir və təklifləri, dəyərli tövsiyələri ilə gənc jurnalistlərə hamilik edir, onların fəaliyyətlərini əlaqələndirir.
İctimai fəallığı yüksək göstəricilərindəndir. Yeni Azərbaycan Partiyasının üzvü, Masallı rayon Ağsaqqallar Şurasının Mahmudavar ərazisi üzrə əlaqələndiricisidir.
Həsənağa Əliyev qanı, canı ilə mətbuata bağlı,Vətənə, dövlətə sədaqətli jurnalist kimi bu müqəddəs ada ləkə gətirən qeyri-peşəkar və reket jurnalistikasına qarşı son dərəcə barışmaz qələm sahibidir. Qərəzsizlik, obyektivlik, tərəfsizlik, vicdanlılıq
prinsiplərinə əməl etməyi jurnalistikanın ən mühüm predmeti kimi xarakterizə edən təcrübəli həmkarım təəssüflə qeyd edir ki, mətbuat səhifələrində etik normaların pozulması halları hələ də davam edir: “Senzuranın ləğvi jurnalistlərin əl-qolunu açsa da, söz, fikir azadlığını bəhanə gətirərək etik normalara məhəl qoymayanlar da var. Onlar böhtan xarakterli fikirləri dərc etməklə ictimai rəyi çaşdırmağa səy göstərirlər...”
Tanıyanlar Həsənağa müəllimi gözəl ziyalı, sədaqətli insan, mehriban ailə başçısı kimi dəyərləndirir. Ömür-gün yoldaşı, 40 il kənd məktəbində çalışmış Rəviyyə xanımla 2 qız köçürdüb, 3 oğul evləndiriblər. İndi 9 nəvə, 2 nəticə sahibidirlər.
50 ildən artıqdır ki, gənc ailələrə nümunə olan sevgi tarixini yaşayırlar.
Ruhən cavan, hər zəhmətə qatlaşmağı bacaran bu mülayim təbiətli insanın bir kimsə ilə ədavət saxladığını, kimə isə pislik etdiyini nə görüb, nə də eşitmişəm. O, Allaha bağlı insandır. Məşhəd ziyarətində olub.
Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyini zəhmətkeşliyi, həssas yanaşma tərzi ilə isbatlayan ağsaqqal yazar, qələm yoldaşımızı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik. Ömrün müdriklik çağında taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirən jurnalist həmkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq: Yeni yaşınız sizə daha yaxşı əhval-ruhiyyə bəxş etsin, günləriniz uğurlu, sevgi və xoşbəxtlik dolu olsun, Həsənağa müəllim!
Akif AĞAYEV,
yazıçı-publisist