20:46

Nefçalada sənaye məhsulu istehsalı artıb

2024-cü ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş sənaye xarakterli xidmətlərin həcmi sabit qiymətlərlə 37,1 faiz artaraq 40484,8 min manat təşkil edib.

Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, rayonda sənaye məhsulunun 27,7 faizi mədənçıxarma, 65,9 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 93,6 faiz olub. Ümumi istehsalın 93,6 faizi sənaye məhsullarının istehsalı, 6,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11219,9 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 0,7 faiz, emal sənayesində isə 26668,2 min manat olmaqla, 69,7 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində istehsalın ümumi dəyəri 2102,4 min manat olmaqla, 7,2 faiz azalıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulların həcmi 494,3 min manat olmaqla, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 13,6 faiz artıb.