10:32

Lənkəranda kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz artmışdır – Statistika

2024-cü ilin yanvar-sentyabr ayları üzrə rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 148137,6 min manat təşkil etmişdir ki, onun da 89284,7 (60,3 faizi) min manatı bitkiçilik, 58852,9 (39,7 faizi) min manatı isə heyvandarlıq məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,1 faiz artmışdır.

Bitkiçilik. Oktyabrın 1-i vəziyyətinə çəltik istisna olmaqla 1094,2 hektar taxıl sahəsi biçilib döyülmüş və həmin sahələrdən ilkin çəkidə 1937,3 ton taxıl mədaxil edilmişdir. Dənli və dənli paxlalılar üzrə hər hektardan orta hesabla 17,7 sentner məhsul götürülmüşdür ki, bu da keçən ilə nisbətən 3,6 sentner azdır.

Dənli bitkilərin tərkibində buğda aparıcı yer tutmuşdur. 2024-cü ilin doqquz ayında istehsal edilmiş taxılın 1233,8 tonunu və ya 63,7 faizini məhz payızlıq buğda təşkil etmişdir. Hər hektarın məhsuldarlığı 20,5 sentner olmaqla ötən ilin müvafiq dövründəkindən 6,0 sentner azdır.

Cari ildə rayonda ötən ildəkindən 29,8 hektar çox çəltik əkilmişdir. 1 oktyabr tarixə kimi 628,1 hektar çəltik sahəsinin 228 hektarı və ya 36,3 faizi yığılmış və sahələrdən 672,6 ton təmizlənməmiş çəltik istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı 29,5 sentner təşkil etmişdir.

Kənd əməkçiləri yenə də tərəvəz istehsalına üstünlük vermişlər. Cari ilin doqquz ayında 3525,1 hektarda əkilmiş (ümumi əkin sahəsinin 58,0 faizi ) tərəvəz sahəsinin 3516,5 hektarından 74322,0 ton məhsul toplanmışdır. Tərəvəzin məhsuldarlığı 211,4 sentner(keçən ilin müvafiq dövrü 216,2 sentner) olmuşdur.

2024-cü il oktyabrın ayının 1-nə rayonda ümumi sahəsi 2,1 hektar olan 2 vahid istixana fəaliyyət göstərmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pamidorun istehsalı 96 ton olmuşdur.

Cari ilin 1 oktyabrınadək 4540,0 ton kartof, 450,3 ton bostan məhsulları, 283,2 ton yaşıl çay yarpağı, 4927,2 ton meyvə və 2614,6 ton giləmeyvə istehsal edilmişdir.

Heyvandarlıq. Heyvandarlıq məhsulları istehsalı sahəsində dinamik inkişaf davam etməkdədir. Cari ilin doqquz ayı ərzində bütün təsərrüfatlar üzrə diri çəkidə 5115,1 ton ət, 27185,4 ton süd və 15397,0 min ədəd yumurta, 41,3 ton yun istehsal edilmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 1,3 faiz artmışdır. Bundan başqa, rayonda 8008,0 kiloqram barama istehsal olunmuşdur.

2024-cü il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 53519 baş iri buynuzlu mal-qara, o cümlədən 24992 baş inək və camış olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal qaranın sayı 160 baş və ya 0,3 faiz artmışdır. Qoyun və keçilərin sayı 23710 baş olmaqla 12 baş artmışdır.

Vaqif MUSTAFAYEV,
Lənkəran Şəhər Statistika
İdarəsinin rəisi