16:09

AMEA Lənkəran Regional Elmi Mərkəzinə yeni direktor təyin olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) yeni direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev kollektivə təqdim olunub.

Xəbər24.medianın məlumatına görə, bu münasibətlə LREM-in bütün kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan mərkəzin direktor müavini, biologiya ü.f.doktoru Sevinc Hüseynovanın təkilifi ilə LREM-in keçmiş direktoru, professor Fərman Quliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zoom proqramı ilə iclasa qoşulan AMEA-nın vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bu yaxınlarda vəfat etmiş LREM-in direktoru, aqrar elmlər doktoru, çayçılıq və sitrusçuluq sahəsində tanınmış alm, professor Fərman Quliyevin aqrar sahənin inkişafında misilsiz xidmətlərindən danışıb, onun qiymətli irsinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, mərkəzin bundan sonrakı inkişafının prioritetlərini göstərib, yeni reallıqlara uyğun olaraq LREM-in elmi katibi, filologiya ü.f.doktoru Mehman Əliyevin AMEA prezidentinin sərəncamı ilə mərkəzə direktor təyin olunduğunu kollektivin diqqətinə çatdırıb, ona yeni işində uğurlar arzulayıb.

Direktor müavini S.Hüseynova yeni təyin olunmuş direktoru, filologiya ü.f.doktoru Mehman Əliyevi kollektivə təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti barədə geniş məlumat verib, mərkəzin gələcək fəaliyyət istiqamətləri barədə danışıb.

Təqdimat mərasimində çıxış edən LREM-in direktoru, f.ü.f.doktoru Mehman Əliyev kollektivi salamlayıb, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təyinatı ilə bağlı minnətdarlığını bildirib. Qeyd edib ki, 100 illiyini qeyd etdiyimiz Ulu Öndərimiz deyirdi: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Təhsil millətin gələcəyidir.” Bu fikirlər əbədi bələdçimiz olmalıdır. Sonra o mərhum professor Fərman Quliyevin böyük alim, mükəmməl təşkilatçı olduğunu diqqətə çatdırıb, onun özündən sonra mərkəzdə qoyduğu elmi-təşkilati irsi qoruyub inkişaf etdirməklə yanaşı müasir dövrün çağırışlarına cavab verə biləcək elmi istiqamətləri daha da inkişaf etdirmək, yeni hədəflərə çatmaq, Ölkə başçısı cənab İlham Əliyevin, AMEA rəhbərliyinin və kollektivin etimadını doğrultmağa çalışacağını qeyd edib.

Tədbirdə çıxış edən LREM-in “Tarix və ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.doktoru Maiyis Cəfərov, “Çayçılıq və sitrus bitkiçiliyi” şöbəsinin əməkdaşları Mərdan Şirəliyev və İsaq Məmmədov professor F.Quliyevlə bağlı xatirələrini danışıb, yeni təyin olunan direktora işində uğurlar arzulayaraq, bundan sonra da mərkəzin inkişafı üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

“Tarix və ədəbiyyat” şöbəsinin müdiri Sərraf Talıbov yeni direktora uğurlar arzulayıb və professor F.Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə hər il aqronomluq ixtisasını öyrənən ən yaxşı tələbələr üçün mükafatın təyin olunmasını təklif edib. Təklif rəhbərlik və kollektiv tərəfindən razılıqla qarşılanıb və qərara alınıb ki, hər ilin sonunda LDU-nun aqronomluq ixtisasını öyrənən ən yaxşı tələbələrinə “Fərman Quliyev mükafatı” təqdim edilsin.

Sonda gələcək iş prinsiplərini açıqlamaqla tədbiri yekunlaşdıran LREM-in direktoru M.Əliyevin təklifi ilə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, elm fədailərimizin, o cümlədən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.






Sərraf Mirsəfəroğlu