21:58

DÜNYA DOLU İNSAN!

Yanvarın 12-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində istedadlı mərhum jurnalist Əhmədağa Kərimlinin 75 illik yubileyinə həsr olunmuş “Dünya dolu İnsan!” adlı xatirə gecəsi keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, yubilyarın yaxınları, mədəniyyət işçiləri, müəllimlər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əhmədağa Kərimlinin oğlu Tural Kərimli atasının xatirəsini əziz tuduqları üçün iştirakçılara ailəsi adından minnətdarlığını çatdırıb.

Daha sonra yubilyarın dostlarından yazıçı-publisist Hafiz Mirzə, Xalq artisti Qabil Quliyev, Rəfail Əliyev, Miriqbal Kazımov, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və digərləri çıxış edərək Ə.Kərimli ilə bağlı xatirələrini dilə gətiriblər. Qeyd olunub ki, Əhmədağa Kərimli yaşadığı 74 illik müddətdə zəngin həyat yolu keçməklə yazıçı, publisist, fotoqraf, video-operator, rəssam və dekorativ tədbiqi sənət ustası kimi tanınıb. 20-dən çox bədii-sənədli telefilmin və 5 kitabın müəllifi olub.

İstedadlı xanəndə İmanverdi Ağayev və müğənni Əhməd Babayev həzin, məlahətli ifaları ilə xatirə gecəsinə xoş ovqat qatıblar.

Tədbirdə həmçinin Əhmədağa Kərimlinin ömür yolunu əks etdirən fotoslayd, kitabları və əl işlərindən ibarət rəsmlər, aplikatsiyalar iştirakçıların böyük marağına səbəb olub.