11:52

Yardımlıda qeydiyyatda olan təsərrüfat subyektləri haqqında

2025-ci ilin əvvəlinə Yardımlı rayonunda qeydiyyatda olan statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) ümumi sayı 507 olmaqla ötən ilə nisbətən 1,4 faiz artmışdır. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.media ya verdiyi məlumata görə, ilin əvvəlindən rayonda 7 yeni hüquqi şəxs statuslu müəssisə qeydiyyatdan keçmişdir.

Rayonda mövcud olan müəssisə və təşkilatların 14,4 faizi dövlət, 85,6 faizi isə qeyri dövlət mülkiyyətinə aid olan təsərrüfat subyektləridir. Hazırda aktiv olan hüquqi şəxs statuslu müəssisə və təşkilatların sayı 190-dır.

Qeydiyyatda olan fərdi sahibkarların (fiziki şəxslərin) sayı 2,7 faiz artaraq 9684 nəfər təşkil edib. Onların 1957 nəfərini qadınlar, 7727 nəfərini isə kişilər təşkil edir.

Hazırda qeydiyyatda olan fiziki şəxslərin 79,1 faizi kənd təsərrüfatı, 6,6 faizi ticarət, 1,6 faizi tikinti, 4,1 faizi xidmət, 8,6 faizi isə digər sahələr üzrə fəaliyyət göstərən subyektlərdir.