16:32

Yaponiyada zəlzələlərdən sonra 179 nəfərin taleyi hələ də müəyyən edilməyib

Kyodo agentliyinin yerli administrasiyaya istinadən verdiyi məlumata görə, yanvarın 1-də Yaponiyanın İşikava prefekturasında baş verən silsilə güclü zəlzələlərdən sonra taleyini müəyyən etmək mümkün olmayan insanların sayı 179-a çatıb.

Agentlik qeyd edir ki, əlaqə yaratmaq mümkün olmayan şəxslərin siyahısına üç azyaşlı daxildir.

Daha əvvəl bildirilmişdi ki, xilasetmə xidmətləri və yerli hakimiyyət orqanları 79 nəfərin yerini və təhlükəsizliyini müəyyən edə bilməyib. Xüsusilə, təkcə Vacima şəhərində insanların ola biləcəyi binaların çökməsi ilə bağlı 40-50 məlumat daxil olub.

Qeyd edək ki, bazar ertəsi günortadan sonra Yaponiyanın İşikava prefekturasında bir sıra güclü zəlzələlər baş verib. Onlara "Noto yarımadasında zəlzələ" adı verilib. Onlardan ən güclülərinin maqnitudası 7,6 olub. Zəlzələlərdən sonra Yaponiyanın qərb sahillərindəki bəzi ərazilər böyük sunami təhlükəsi ilə üzləşib.

Yaponiyanın Baş naziri Fumio Kişida cümə axşamı bildirib ki, İşikava prefekturasında baş verən silsilə güclü zəlzələlər nəticəsində 78 nəfər ölüb, 29 nəfər ağır yaralanıb, daha 231 nəfər yüngül xəsarət alıb. Eyni zamanda Yaponiya mediası 84 nəfərin öldüyünü bildirib.

Yeraltı təkanlar evlərin dağılmasına və sürət qatarlarının hərəkətinin dayanmasına səbəb olub, 32 mindən çox evdə elektrik enerjisi kəsilib. Bəzi rayonlarda su təchizatı və rabitə xətlərində fasilələr yaranıb. Yol örtüyünün zədələnməsi qeydə alınıb. Atom elektrik stansiyasının işində heç bir nasazlıq aşkar edilməyib.

2024-cü il yanvarın 1-də baş verən zəlzələ 1885-ci ildən bəri Noto yarımadası regionu üçün ən güclü zəlzələdir.