12:37

“Nakam ömrün akkordları” sənədli filminin premyerası olub

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətov haqqında “Nakam ömrün akkordları” adlı sənədli filmin və təqdimatı keçirilib.

Xəbər24.medianın məlumatına görə, tədbirdə şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, qazilər, şəhid ailələri, rayon rəsmiləri, mədəniyyət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən öncə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov filmin yaradıcı heyətinə və o cümlədən filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib. B.Qılıncov qeyd edib ki, bu cür filmlərin hazırlanması və yayılması şəhidlərimizin tanıdılmasında müstəsna rola malikdir.

Filmdə T.Hümmətovun doğulduğu gündən şəhid olduğu vaxta qədər keçdiyi həyat yolu əksini tapıb. Şəhidin uşaqlıq dostları, qohumları, müəllimləri, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Tural Hümmətov 20 may 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində doğulub. Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində kompüter kursunun rəhbəri kimi çalışıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. T.Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Tural Hümmətov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin sonunda filmin sennaristi və rejissoru, Q. Vəliyev adına Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev film haqqında təəssüratlarını bölüşüb və iştirakçılara təşəkkürünü bildirib.