15:36

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Heydər Əliyev və Azərbaycanın maddi-mənəvi irsi” adlı konfrans keçirilib - FOTOLAR

Dekabrın 29-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) Ümummili Liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın maddi-mənəvi irsi” adlı konfrans keçirilib. Xəbər24.medianın məlumatına görə, Dövlət Himni ilə başlayan Tədbiri giriş sözü ilə Lənkəran REM-nin direktoru, fil.ü.f.d Mehman Əliyev açıb. O, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərin Ulu Öndərin irsinin daha geniş şəkildə araşdırılması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət daşıdığını, görkəmli dövlət xadiminin bütün sahələrdə olduğu kimi elm sahəsində də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb, mənəvi irsimizin qorunması, təbliği və inkişafında Ümummilli Lider Heydər Əliyevin danılmaz rolundan, ölkəmizdə yaradılan tolerant və multikultural dəyərlərin inkişafında misilsiz xidmətlərindən bəhs edib. Mehman Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin 100 illiyində vaxtilə Ümummilli Liderdən estafeti alıb onun siyasi kursunu şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının torpaqlarımızın bütövlüyü və suverenliyini tam bərpa etməsinin də zənnimizcə, simvolik bir mənası vardır. Həmin simvolikanın şifrələri Şuşanın azad olunduğu gündə atasının qəbri üstündə Müzəffər Ali Baş Komandanın dediyi sözlərlə açıldı; o,ata vəsiyyətini şərəflə yerinə yetirdiyini bildirdi.

Sonra M.Əliyev konfransın moderatorluğunu Elmi işlər üzrə direktor müavini Sevinc Hüseynovaya həvalə etdi. Konfrans ayrı-ayrı məruzələrlə işinə davam edib.

AMEA–nın Lənkəran REM–nin aparıcı elmi işçisi, t.ü.f.d. Samir Kərimov “Heydər Əliyev və Azərbaycanın maddi irsi”, AMEA–nın Naxçıvan bölməsinin Tarix, etnoqrafiya və arxeologiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d Toğrul Xəlilov “Ulu öndər Heydər Əliyev və Naxçıvan arxeologiyası”, t.ü.f.d., AMEA–nın Lənkəran REM–nin Elmi katibi, t.ü.f.d. Cəmil Quliyev “Heydər Əliyev irsində islam dəyərləri”, AMEA–nın Şəki REM–nin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov “Mədəni irs tariximizdə Heydər Əliyev siyasəti və varislik faktoru”, AMEA–nın Lənkəran REM–nin aparıcı elmi işçisi, t.ü.f.d. Mayis Cəfərov “Heydər Əliyev siyasətinin təntənəsi – 44 günlük Zəfər yolu”, Lənkəran REM-nin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov “Heydər Əliyev və Dədə Qorqud dastanı” mövzularında məruzə ediblər.

Konfransı yekunlaşdıran Lənkəran REM-nin direktoru, fil.ü.f.d. Mehman Əliyev bir daha Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin bərpası və inkişafındakı xidmətlərinə toxunaraq bildirib ki, Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaq, onun həyat tərzi, dövlətçilik təcrübəsi, maddi-mənəvi irsimizə sonsuz sevgisi gələcək nəsillər üçün əsl örnək, məktəb olacaq. Ulu Öndərin siyasi varisi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə şanlı qələbəmiz, nəhayət 30 ildən sonra ərazi bütövlüyümüzün bərpası Heydər Əliyev ideyalarının parlaq təntənəsdir.

Sonda M.Əliyev konfrans iştirakçılarına fəal iştiraka görə minnətdarlığını bildirərək, qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.




[center]



[/center]