15:32

Lənkəran RMX-nin Ürək damar cərrahiyyəsi şöbəsində daha bir uğurlu əməliyyat icra olunub

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək damar cərrahiyyəsi şöbəsi növbəti uğurlu əməliyyata imza atıb. Bakıda yerləşən mərkəzlərdən birində koronar angioqrafiya sonrası ciddi sol ana koronar arteriya stenozu ( LMCD-90%) diaqnozu qoyulan xəstə əməliyyat üçün yaşadığı rayonun, yəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsini seçib.

Uzman Dr. Yusif Abdulov və komandası tərəfindən xəstəyə Aorta koronar şuntlanma-4 əməliyyatı icra edilib. Xəstənin vəziyyəti aparılan əməliyyata uyğun olub, ambulator müalicə qəbulundan ötrü evə buraxılıb.

Məlumat üçün bildirək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsində xəstələrdə ürək transplantasiyası xaricində, AKŞ (ürək damarlarına şuntlama), qapaq əməliyyatları, aort anevrizmaları (Bentall, Wheat, asendan aort dəyişdirilməsi), asendan aort diseksiyası (yırtılma), abdominal aort anevrizması, yetişkin xəstələrdə ürək qüsurları, periferik arteriya problemləri (karotis arteriya endarterektomiyası, Lerische sindromu, periferik arteriya stenozları, kimyəvi terapiya üçün port kateter taxılması, dializ üçün arteriya-venoz fistula açılması və.s), EVAR, TEVAR, TAVI kimi əməliyyatları icra olunur.

Onu da əlavə edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradılıb, yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.