09:07

Kənd mədəniyyət evində "Zəfər Günü" qeyd olunub

Lənkəran rayonunun Separadi kənd Mədəniyyət Evində 8 noyabr “Zəfər Günü”nə həsr edilmiş bayram tədbiri keçirilib.

Xəbər24.medianın məlumatına görə, tədbirdə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları, Separadi kənd Mədəniyyət evinin filial birliklərinin üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə Azərbaycan dövlət himni səslənib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zövlə kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və digərləri çıxış edərək, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Vurğulandı ki, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Daha sonra mədəniyyət işçilərinin ifasında konsert proqramı təqdim olunub. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Babalar” və “Nənələr” xor kollektivləri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Mədəniyyət Evinin dərnək üzvləri isə Vətənə, Müzəffər Orduya həsr edilmiş şerlər söyləyiblər.