17:38

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Lənkəranda ”Sən elə bir zirvəsən!..” tamaşası ilə çıxış edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə bu dəfə lənkəranlıların qonağı olub.

Xəbər24.medianın məlumatına görə, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşada teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlardan İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış ediblər.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Qeyd edək ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa Gəncə, Şəki və Mingəçevir şəhərlərində də uğurla oynanılıb.