15:12

Şair Qulaməli Hüseynovun kitablarının təqdimatı keçirilib

AYB Lənkəran bölməsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə şair Qulaməli Hüseynovun "Azərbaycan əsgəri", "Sorağın sənin" və " Torpaq Vətən olur" kitablarının təqdimat mərasimi keçirilb.

Xəbər24.medianın məlumatına görə, tədbiri giriş sözü ilə AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad açıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ağamir Cavad Qulaməli Hüseynovun həyat yolu haqqında danışaraq, onun vətənpərvər şair olduğunu, yaradıcılığı boyu Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin igidliyini vəsf ediyini bildirib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovaya çıxışında şairin həyat və yaradıcılığı barədə məruzə edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Şairin ömür yolunu əks etdirən videorolikin nümayişindən sonra Qulaməli Hüseynovun hər üç kitabının redaktoru olmuş şair-publisist Xudaverdi Cavadov, Lənkəran Dövlət Universitetinin professoru, Əməkdar müəllim, filologiya elmləri doktoru Yədulla Ağazadə, yazıçı-publisist Səyavuş Süleymanlı, Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, tanınmış hüquqşünas Elçin Ağayev və digərləri söz alaraq, şairin çoxşaxəli yaradıcılığının müxtəlif məqamlarından bəhs ediblər.

Lənkəran Dövlət Dram Teatrının aktyoru Aynur Əhmədova müəllifin bir günlük antiterror əməliyyatlarında şəhid olmuş Məhəmməd Hüseynova həsr etdiyi "Gəl, ana qurban" şeirini yüksək ustalıqla ifa edib.

Lənkəran şəhər 5 saylı tam orta məktəbin və rayonun Diğah, Şilavar, Ləj, Sütəmurdov kənd məktəblərinin şagirdləri də şairin şeirlərindən nümunələri səsləndiriblər.

Sonda şair Qulaməli Hüseynov çıxış edərək, yeni yaradıcılıq planlarından danışıb, tədbirin təşkilatçılarına, iştirakçılara və çıxış edənlərə təşəkkürünü çatdırıb.