14:16

Yazıçı-publisist Hacı Etibar Əhədovun 75 illik yubileyi qeyd olunub - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi və Ə.Hüseynov adına Vilvan kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə bu təhsil ocağının akt zalında tanınmış yazıçı-publisist, Prezident təqaüdçüsü Hacı Etibar Əhədovun anadan olmasının 75, yaradıcılığının 50 illiyi qeyd olunub.

Xəbər24.medianın məlumatına görə, tədbiri giriş sözü ilə məktəbin veteran müəllimi İltifat Məhərrəmov açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimi Afaq Mirzəyeva Hacı Etibar Əhədovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Hacı Etibar Əliağa oğlu Əhədov 22 noyabr 1948-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. Lənkəran şəhər 1 saylı tam orta məktəbini (1966), Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini (1976) və Mətbuat İşçiləri Ümumittifaq İxtisasartırma İnistitutunun jurnalistika sənətkarlığı şöbəsini (1985) bitirib. 1967-1970-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçəndən sonra Lənkəran radio verilişləri redaksiyasının redaktoru (1971-1977), "Leninçi" (indiki "Lənkəran") qəzetinin məsul katibi (1978-1990), redaktor müavini (1990-1992), redaktoru (1992-1993), "Lənkəranın səsi" qəzetinin baş redaktoru (1993-1995), Lənkəran Dövlət Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri (2000-2017) vəzifələrində çalışıb. Hazırda "Aşkarlıq" qəzetinin (1995) təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Müxtəlif şəxsiyyətlər və dövlət xadimləri, o cümlədən, Naxçıvanın Nehrəm kəndinin tarixi-etnoqrafiyası, Lənkəran rayonunun ayrı-ayrı kəndlərinin tarixi haqqında 60-a yaxın kitabın müəllifidir. Azərbaycan Jurnalistlər (1978) və Yazıçılar (1999) birliklərinin, Reklamçılar İttifaqının (1998) üzvü, "Qızıl qələm" media mükafatı laureatıdır.

Yubilyarın ömür yolunu əks etdirən videogörüntünün nümayişindən sonra məktəb kitabxanasının müdiri Şəfa Davudova şagirdlərlə birgə Hacı Etibar Əhədovun kitablarından ibarət sərgini və şagirdlərin ifasında ayrı-ayrı kitablar haqqında məlumatları təqdim edib.

Sonra söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyevaya verilib. İcra rəsmisi yazıçının rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təbrikini çatdırıb və İcra Hakimiyyətinin Fəxri Fərmanını yubilyara təqdim edib.

Daha sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək yazıçının ədəbi və jurnalistlik fəaliyyətini yüksək dəyərləndirib, ona yaradıcılıq uğurları diləyib.

Yubilyarın qələm dostu, yazıçı-jurnalist Səyavuş Süleymanlı, kəndin ziyalılarından Elçin Əhədov, "Azad Azərbaycan" qəzetinin redaktoru, yazıçı- rejissor Ağalar İdrisoğlu, "Zizə" TV-nin aparıcısı Camal Mirzəyev, tədqiqatçı-tarixçi İldırım Şükürzadə, müəllim Şəfi Nəsirov və digərləri də çıxışlarında Hacı Etibar Əhədovun istedadlı yazıçı və jurnalist olması ilə yanaşı, yüksək insani keyfiyyətləriindən söz açmaqla onun həm də iman sahibi olduğunu bildiriblər.

Tədbir boyu məktəb şagirdlərinin ifasında yubilyara həsr olunmuş şeirlər səslənib, əsərləri əsasında hazırlanmış səhnələr, musiqi və rəqs nömrələri nümayiş etdirilib.

Sonda söz yubilyara verilib. Hacı Etibar Əhədov çıxışında uşaqlıq və gənclik xatirələrindən danışıb, doğulub boya-başa çatdığı Vilvan kəndinin ziyalılarına, tədbir iştirakçılarına, çıxış edənlərə, məktəb rəhbərliyinə və təşkilatçılara minnətdarlığını çatdırıb.

Yubiley mərasimi şagirdlərin xorla oxuduğu "Azərbaycan" mahnısı ilə başa çatıb.

Sonda xatirə şəkilləri çəkilib və tədbir şirniyyat stolu arxasında davam etdirilib.