20:54

Lənkəranda "Ulu Öndərin işığında" kitabının təqdimatı keçirilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə gənc şair-publisist Sevindik Nəsiboğlunun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi "Ulu Öndərin işığında" kitabının təqdimat mərasimi keçirilib.

Xəbər24.medianın məlumatına görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra şəhər 5 nömrəli tam orta məktəbin tərbiyəvi təşkilatçısı Ağacəfər Fətullayev şair-publisist Sevindik Nəsiboğlunun həyat və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan Hüseynov, ictimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu, psixoloq Anara Nəzərova çıxış edərək gənc şair-publisistə yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Daha sonra şair-publisist Sevindik Nəsiboğlu müəllifi olduğu "Ulu Öndərin işığında" kitabı haqqında məlumat verib və kitabının Lənkəran şəhərində təqdimatının keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Mais Kazımova təşəkkürünü bildirib.

Sonda məktəblilərin ifasında Sevindik Nəsiboğlunun şeirləri səsləndirilib.