14:00

Şair Qulaməli Hüseynovun yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran şöbəsi və Lənkəran şəhər R. Məmmədov adına 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə bu təhsil ocağında AYB üzvü, şair Qulaməli Hüseynovun yaradıcılıq gecəsi keçirilib.

Xəbər24.medianın məlumatına görə, bölgə yazarlarının, rayon ziyalılarının, şəhid ailələri üzvlərinin, qazilərin, müharibə veteranlarının, müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrinin, şeir-sənət pərəstişkarlarının qatıldığı tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yaradıcılıq gecəsini giriş sözü ilə açan məktəbin direktoru Mayıs Kazımov qonaqları salamlayaraq, belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynadığını qeyd edib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyini Lənkəran Bölməsinin sədri, yazıçı- publisist Qafar Cəfərli, məktəbin məzunu, Azərbaycan Dövlət YUĞ Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran bölməsinin rəhbəri Fəxrəddin Hüseynov, şəhid atası Elçin Allahverdiyev, ziyalılardan Şəmsəddin Caniyev, Cəfər Fətullayev, Gülşən Hüseynova, şairlərdən Əyyub Türkay, Əfsanə Sultan, gənc müğənni Allahverən Pərvizoğlu və digərləri çıxış edərək Qulaməli Hüseynovun yaradıcılığının bədii xüsusiyyətlərindən danışmaqla, şairin şəhidlərə həsr etdiyi şeirlərə və vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərə münasibətlərini bildiriblər.

Tədbirdə iştirak edən məktəblilər Qulaməli Hüseynovun vətənpərvərlik mövzusunda yazdığı şeirlərini səsləndiriblər.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, Əfqanıstan müharibəsinin veteranı, şair Qülaməli Hüseynov çıxış edərək, təhsil aldığı 5 saylı məktəblə bağlı xatirələrindən danışıb, tədbirin keçirilməsinə dəstək olanlara, məktəb rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.