00:15

Lənkəranda Avropa günləri çərçivəsində gender bərabərliyi mövzusuna həsr olunmuş tamaşa nümayiş olunub - FOTOLAR

İyunun 9-da Lənkəran şəhərində keçirilən Avropa günləri çərçivəsində Lənkəran Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq İsmayıl İmanın gender bərabərliyi mövzusuna həsr olunmuş “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub.

Xəbər24.medianın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun və 11 ölkənin diplomatik nümayəndələrinin də izlədikləri tamaşadan öncə Latviya Respublikasının müvəqqəti işlər vəkili Via Buşa və İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson çıxış edərək incəsənət vasitəsilə gender bərabərliyi məsələsinin gündəmə gətirilməsinin vacibliyini qeyd etməklə yanaşı, Azərbaycanın selektiv abortla mübarizə üçün böyük səy göstərdiyini vurğulayıblar.

Daha sonra tamaşaya baxış olub.

Ölkəmizdəki gender problemlərinə toxunulan bu səhnə əsəri müxtəlif yaşlarda olan eyni qəhrəmanın - yeniyetmə qız, gənc qız və qadının monoloqları üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının yaradıcısı və rəhbəri Tərlan Rəsulovdur.

Rolları Əməkdar artist Yaqut Paşazadə, Günay Həsən və Nuray Məmmədzadə ifa ediblər.

“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” səhnə əsəri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.