12:14

GENERAL-MAYOR AYDIN MƏMMƏDOVUN XATİRƏSİ ÜRƏKLƏRDƏ MƏHƏBBƏTLƏ YAŞAYIR

Bu gün “Xəzərin general oğlu” adlı ilk kitabımın qəhrəmanı, daxili xidmət general-mayoru Aydın Məmmədovun doğum günü, 85 illik yubiley yaşıdır.

Aydın Məmmədov 1939-cu ilin 22 martında Astara rayonunda anadan olub. 15 yaşında, yeddillik təhsilini başa vurandan sonra Astaradan ayrılan cavan oğlan Bakıda gəmi təmiri zavodunda fəhləlikdən müxtəlif vəzifələrə yüksəlib. Odessa Dəniz Donanması İnstitutunda, Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Xəzər Dəniz Gəmiçiliyində uzun illər müxtəlif vəzifələrdə çalışdıqdan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Nəqliyyat və Rabitə şöbəsinin müdiri, Daxili İşlər naziri vəzifələrinə yüksəlib. Sonra Bakı Dəniz Ticarət Limanının rəisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifələrində işləyib.

Aydın Məmmədovun Daxili İşlər Nazirliyinə rəhbərliyi (1987-1990) ən çətin illərə təsadüf etmişdi. Həmin dövrdə milli azadlıq hərəkatının liderləri meydanda birləşəndə, xalq da onları dəstəkləyərək meydana toplaşmışdı.

O zaman Azərbaycanda meydanda toplaşmaq təcrübəsi yox idi. Sonralar azadlıq hərəkatının liderləri özləri etiraf edirdilər ki, onların tribunaya çıxıb sözlərini demələri, qəhrəman olmaları üçün respublikada şərait lazım idi. Nazir bu günü o zaman görür və düzgün qərar qəbul edirdi. Bu mənada Aydın Məmmədov müstəqil dövlətçiliyimizin tarixinə birinci düşən şəxslərdəndir.

Aydın müəllimin həm insanlıq, həm də dövlət adamı kimi mövqeyi meydanın qansız təmizlənməsinə səbəb oldu. Bu, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidməti idi. SSRİ dövrünün naziri, generalı olaraq milli ruhdan hərəkət etmək qəhrəmanlıq idi. Moskva qorxurdu ki, Aydın Məmmədov milli qüvvələrə qoşulub, onların önündə gedə bilər. Ona görə Moskva heç vaxt ona antiAzərbaycan əmri verə bilmirdi.

20 Yanvar qırğınından sonra ilk istefa ərizəsi yazan nazır oldu. Nazir işlədiyi illərdə bir şəxsiyyət olaraq Azərbaycan polisinin mənəvi cəhətdən formalaşmasında mühüm rol oynadı. Odur ki, saf, ləkəsiz, vətənpərvər generalın - ömrünün 63 ili də tamam olmayan Aydın Məmmədovun unudulmaz xatirəsi tanıyanların qəlbində hər zaman məhəbbətlə yaşayır.
Ruhu şad olsun!

Sözardı: Məlumat üçün bildirim ki, Aydın Məmmədovun ocağı yerindədir, nəsil davamçıları cəmiyyətdə layiqli mövqeyə malikdirlər. Həyat yoldaşı Xanım Məmmədova BDU-nun dosentidir. Böyük oğlu Rasim təqaüddədir,azad sahibkarlıqla məşğuldur. Həyat yoldaşı Töhfə xanım həkimdir. Qızları Aydan və Xanım Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alırlar.

Kiçik oğlu Azər Səfərbərlik və Hərbi Xidmətə Cagiriş üzrə Dövlət Xidmətinin rəis müavinidir. Həyat yoldaşı Könül xanım filoloqdur. Oğlanları - babasının adını yaşadan Aydın universitet və magistratura təhsilini bitirdikdən sonra hərbi xidmətini yerinə yetirir. Ayxan tələbədir, Türkiyədə təhsil alır.






Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru