18:14

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm Gününə həsr olunmuş seminar keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə Azərbaycanda təsis edilmiş Elm Günü dövlətimizin bu sahəyə dəstəyinin bariz nümunəsidir. Bu günün təsis olunması akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. AMEA-nın keçdiyi 80 ilə yaxın məsuliyyətli və şərəfli inkişaf yolu Azərbaycan elminin çoxəsrlik inkişaf tarixinin xüsusi bir mərhələsidir.

Sonra “Sivilizasiyanın inkişafında elmin rolu” mövzusunda Elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın məruzəsi dinlənilib. Qeyd olunub ki, elm müasir cəmiyyətin əsas komponentlərindən biridir. Elmin öyrənilməsi inkişaf və tərəqqimiz üçün böyük əhəmiyyət kəsb edir. Elm, hər şeydən əvvəl, ətrafımızdakı dünyanı anlamağa imkan verir və iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün əsasdır. Ona görə də elmin öyrənilməsi şəxsi inkişafımız və bütün cəmiyyətin tərəqqisi üçün vacibdir.

Məruzə ətrafında müzakirələrdə Mərkəzin “Tarix və ədəbiyyat” şöbəsinin müdiri Sərraf Talıbov “Bəşər tarixində elm və texnologiyanın rolu”, elmi işçi Nəzrin Əlizadə “Elm və sivilizasiyanın vəhdətinin fəlsəfi panoramı” mövzusunda çıxış edərək, rəy və mülahizələrini söyləyiblər.

Seminarda iştirak edən Lənkəran Dövlət Universiteti “Filologiya və ibtidai təhsil” fakültəsinin bir qrup tələbəsinin sualları cavablandırılıb.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.