19:39

TANINMIŞ HƏKİM İLHAM QUBADOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Martın 30-da Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində cənub zonasının ilk travmatoloq-ortoped həkimi İlham Qubadovun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyevanın, çoxsaylı səhiyyə işçilərinin,yubilyarın ailə üzvlərinin, qohum və dostlarının, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin qatıldıqları mərasimi giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova bildirib ki, bu gündən etibarən Heydər Əliyev Mərkəzində "Cənub zonasının ziyalıları" layihəsinə start verilir və layihə çərçivəsində "Şəfalı əllər" adlı ilk tədbir Lənkəran rayon səhiyyəsinin inkişafında müstəsna xidmətləri olmuş və şərəfli ömür yolu keçmiş İlham Malik oğlu Qubadova həsr olunur.

Daha sonra yubiley mərasiminin aparıcısı, "Söz" müstəqil ədəbi-publisistik jurnalın baş redaktoru, yazıçı-jurnalist Sevda Əlibəyli çıxışında İlham Qubadovu təcrübəli bir həkim və öz elinə bağlı bir insan kimi xarakterizə edərək, bu tədbirin keçirilməsi üçün göstərilən dəstəyə görə şəhər rəhbərliyinə öz dərin minnətdarlığını çatdırıb.

Çıxış üçün ilk söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyevaya verilib. Ü.Əliyeva İlham Qubadovun həkim peşəsinə sədaqətli insan olduğunu və çoxlu ardıcıllarının yetişdirdiyini xüsusi qeyd edib.

Yubilyarın keçdiyi həyat yolu barədə məlumatda bildirib ki, 1933-cü ildə anadan olmuş İlham Qubadov Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsini bitirib, Biləsuvar uşaq xəstəxanasında şöbə müdiri, daha sonra isə baş həkim vəzifəsində çalışıb. 1960-cı ildə Leninqraddakı Ortopediya və Travmatologiya İnstitutunun Klinik Ordinaturasına qəbul olunb. Azərbaycana qayıtdıqdan sonra əmək fəaliyyətini Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirmək istəsə də, Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kazım Miriyevin təklifi və təkidi ilə Lənkərana gəlib. Onun təşəbbüsü və səyi nəticəsində bu tibb ocağında ilk dəfə travmatoloji şöbə yaradılıb. Həmin şöbədə ən mürəkkəb cərrahiyyə əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən İ.Qubadov İlizarov aparatı vasitəsilə onlarla anadan şikəst doğulmuş uşağı normal həyata qaytarıb.

O da vurğulanıb ki, 2004-cü ilin yanvarında Lənkəran şəhərindəki beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində 25 nəfərin dağıntılar altında qalması bu gün də yaddaşlardan silinməyib. Həmin faciəli günlərdə İlham Qubadov onunla çiyin-çiyinə işləyən oğlu Elşadla birlikdə gecəli-gündüzlü xəstəxanada yaralanmış insanların sağalmasından ötrü səy və bacarıqlarını əsirgəməyiblər. Hadisənin təfərrüatlarını yerindəcə öyrənməkdən ötrü Lənkərana gələn respublika prezidenti İlham Əliyev xəstəxanda müalicə olunan sakinlərin səhhəti ilə maraqlanıb, həkim Qubadovlarla söhbət edib. Ağır xəstələrin təcili Bakıya çatdırılması fikri yaransa da, həkimlərin iş üsulu Prezidentin və mütəxəssislərin xoşuna gəldiyindən bu fikirdən imtina olunur, həkim İlham və Elşad Qubadovlara isə xüsusi təşəkkür edilir.

İ.Qubadov Lənkəran Tibb Texnikumunda müəllim işləyib, Şəfqət və Sağlamlıq Fondunun Lənkəran şöbəsinə rəhbərlik edib. Qüsursuz əməyinə görə "Əməkdə fərqlənməyə görə" və "Əmək veteranı" medalları, həmçinin dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və xəstəxana rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub. Altı övlad atası olan İlham Qubadov ömünün 77-ci baharında dünyasını dəyişib. Onun yolunu davam etdirən oğlu, tibb elmləri namizədi Elşad Qubadov və qızı Sevinc Qubadova da vaxsız vəfat edib.

Yubilyar haqqında ürək sözlərini dilə gətirən Lənkəran Dövlət Universitetinin (LDU) baş müəllimi Bəxtiyar Muradov, Lənkəran Mərkəzi Rayon Xəstəxanası PHŞ-in direktor müavini Taleh Məmmədov, Lerikdən Mirkamal Vəliyev, Astaradan Rövşən İmamverdiyev, veteran-hüquqşünas Maşallah Şirvanov, LDU-nin professoru Yədulla Ağazadə, jurnalist Esmira İsmayılova, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, təhsil işçisi Cəfər Fətullayev və digərləri tədbir iştirakçıları ilə xoş xatirələrini bölüşüblər.

Sonda İ.Qubadovun qızı Nuranə Qubadova çıxış edərək yubiley mərasiminin belə yüksək səviyyədə keçirilməsinə görə ŞİH-nin rəhbərliyinə, təşkilatçılara və iştirakçılara ailəsi adından dərin minnətdarlığını bildirib.

Tədbir boyu tanınmış həkimin həyat və fəaliyyətini əks etdirən foto və video çarxlar nümayiş etdirilib.
Ağaddin BABAYEV