11:10

102 yaşlı Kamal Kələntərli vəfat edib

Lənkəran rayon ağsaqqallar şurasının fəxri sədri, məşhur nəslin görkəmli nümayəndəsi Kamal Kələntərli aprelin 11-də 102 yaşında vəfat edib.

Xəbər24.medianın məlumatına görə, K.Kələntərli 1922-ci ilin iyulun 20-də dünyaya göz açıb. Lənkəran Pedaqoj məktəbini bitirdikdən sonra 1941-45-ci odlu-alovlu müharibə illərində Lerikin ucqar dağ kənd məktəblərində müəllim işləyib.

Sonralar Baki Kooperasiya Texnikumunu və Ümumittifaq Kooperasiya İnstitutunun Bakı filialını bitirən Kamal müəllim Lənkəranın ayrı-ayrı kəndlərində istehlak cəmiyyətlərinin sədri, rayon maliyyə şöbəsində inspektor, dəmiryolu restoranlar birliyinin sədri vəzifələrində çalışıb.

Dövlətçiliyə və xalqına sədaqətlə xidmət edən Kamal Kələntərli 1992-ci ildə təqaüdə çıxdıqdan sonra da ictimai fəaliyyətini davam etdirib, Lənkəran rayon ağsaqqallar şurasının sədri vəzifəsində çalışıb. Xalqa və dövlətə xidmət missiyasını yerinə yetirən el ağsaqqalı YAP-ın təbliğat qrupunun üzvü olub.

Qeyd edək ki, mərhum aprelin 12-də səhər saatlarda Lənkəranın Sardaxıl qəbirstanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.