18:25

Taleh Qaraşov lənkəranlı idmançılarla görüşüb

Noyabrın 30-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov müxtəlif yaş qrupları üzrə dünya və Avropa birinciliyində yüksək nəticə göstərən lənkəranlı idmançıları, habelə onların yerli məşqçisini qəbul edib. Lənkəranlı idmançılar Xasay Həsənli dünya ikincisi, Elmin Əliyev U-17 yaşadək Avropa birinciliyinin üçüncüsü, Məhəmməd Şükürzadə isə 2-ci MDB oyunlarının ikincisi olub.

Xəbər24.medianın məlumatına görə, Lənkəran ŞİH başçısı idmançılarımızı təbrik edib və bildirib ki, ölkəmiz təkcə döyüş meydanında deyil, artıq bütün arenalarda qələbələr qazanır:“Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin laiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasətin məntiqi nəticəsidir”. Taleh Qaraşov qeyd edib ki, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı nəticəsində günü-gündən inkişaf edir. İcra başçısı idmanla məşğul olmağın pis vərdişlərdən uzaq qalınması üçün ən yaxşı vasitələrdən biri olduğunu vurğulayıb. Sağlam gəncliyin yetişməsində əvəzsiz xidmətləri olan məşqçilərin fəaliyyətini yüksək dəyərləndirən Taleh Qaraşov onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.

İdmançılar və eləcə də məşqçi şəhər İcra hakimiyyəti tərəfindən göstərilən diqqətə görə təşəkkür ediblər. Bildirilib ki, ölkəmizdə idmanın inkişafı və idmançılara olan qayğı ən yüksək səviyyədədir. Peşəkar idmançıların yetişməsi üçün lazımi şəraitin yaradılması, onların tam qayğı ilə əhatə olunması birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.