16:30

Biləsuvarda “Kiçik və Orta Biznesin Dostu” şəbəkəsinin rayon nümayəndəliyinin təqdimat mərasimi keçirilib

Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində “Kiçik və Orta Biznesin Dostu” şəbəkəsinin rayon nümayəndəliyinin təqdimat mərasimi keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov, aidiyyatı təşkilat rəhbərləri və yerli sahibkarları iştirak ediblər.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Kiçik və Orta Biznesin Dostu" şəbəkəsi çərçivəsində fəaliyyət göstərəcək rayon nümayəndəliyinə uğurlar arzulayıb və bu sahədə nümayəndəliyə daim dəstək göstəriləcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi və tənzimlənməsi, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunması və problemlərinin həlli məqsədilə yaradılan və hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.

Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edərək bildirib ki, Biləsuvar rayonunda yaradılan nümayəndəlik respublika üzrə sayca 43-cü olmaqla, rayonda biznesin inkişafı üçün həmişə öz dəstəyini göstərəcək və sahibkarlar KOB dostu ilə fəal əməkdaşlıq edəcəklər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində yerləşən və sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılan KOB dostunun Biləsuvar nümayəndəliyinin ofisi ilə tanış olublar.





[/center]