20:17

Çox sevimli Çingiz müəllim və ya dünyamızın ən çox oxunan və sevilən detektiv yazarı Çingiz Abdullayev!

Müqəddəs 7 rəqəmli bir bahar günündə dünyaya gəlişinizi təbrik edirəm. Bu gün 65 yaşınızla vidalaşırsınız. Yəni, qocalığın canavlığıyla. Adətən 50 yaşa cavanlığın qocalığı deyirlər. 65-ə isə qocalığın cavanlığı. Sonra müdriklik dövrü başlayır. Mənə elə gəlir ki, siz elə anadangəlmə müdriksiniz. Sadə, səmimi xarakteriniz, uğurlu yaradıcılığınız və xeyirxah əməllərinizlə. Yaradıcılığınızdan söz açmıram. Çünki qüdrətim çatmaz. Həm də yaradıcılığınız göz qabağındadır. Dünyaca sevilir, məhəbbətlə oxunursunuz. Qələm adamı üçün bundan artıq nə lazım?! Dünyanın müxtəlif ölkələrində oxucularla görüşlərdə bir azərbaycanlı olaraq olaraq intellekt səviyyəniz, geniş dünyagörüşünüz, zahiri görkəminizlə xalqımız haqqında fikir formalaşdırırsınız. Sadə, səmimi, təvazökar xarakteriniz sizi hamıya yaxınlaşdırır və sevdirir. Bu barədə ən dəyərli sözü akademik, millək vəkili Rafael Hüseynov 60 illiyinizdə “Söz” jurnalında dərc olunan essesində deyib: “Öz əsərləri və qəhrəmanları kimi Çingiz Abdullayev elə məhşurlaşıb, elə əfsanələşib ki, tutalım, çox sevildiyi Rusiyada küçədən keçəsi olsa və heyran oxucularına nişan versən ki, o kitabları yazan Çingiz bax budur, az adam inanar.”
Çingiz müəllim!
Uzun illər Azərbaycan Yazıçılar Birliyinin katibi, I katibi olaraq sizdən hər zaman diqqət görmüşəm. 2013-cü ildə Natəvan klubunda “Söz” jurnalının 20 illiyini keçirəcəkdik. Sədrimiz Anar müəllim də, I katib Fikrət Qoca da həmin gün Bakıda olmayacaqdılar. Onların məsləhətilə tədbiri AYB-nin katibi, indi haqq dünyasında olan Arif Əmrahoğlu aparacaqdı. Tədbirin vaxtı çatır, Arif müəllim gəlib çıxmırdı. Telefon zənglərinə “tıxacdayam” cavabını verirdi. İştirakçıların narahatlığı hiss olunurdu. Sizin yanınıza gəldim. Qapını bağlayıb kabinetdən çıxırdınız. Fikrimi təlaşla bildirdim. Başqa tədbirə gedəcəyinizi söylədiniz. Amma bizim tədbirə də etiraz etmədiniz. “Söz”ə gözəl təqdimat verərək ətraflı giriş sözü söylədiniz. “Söz”ün sizə də diqqət göstərməsini dəyərləndirdiniz. Hətta şair-publisist Qardaşxan Əzizxanlının “Vətəni, ananı, bir də əqidəni dəyişmək olmaz”, “Mənim əllərim fəhlə əlləridir” başlıqlı müsahibələrindən də məhəbbətlə söz açdınız. Həmin gün əlinizdə “Söz”ün üz qabığında sevimli Xalq yazıçısı Anarın 75 illiyilə əlaqədar şəkli dərc olunmuş sayı fotolentin yaddaşına yazıldı. O fotodan tez-tez istifadə edirəm.
Bir qədər sonra üzrxahlıq edib, öz tədbirinizə getdiniz. Amma bizim tədbirdə 20-25 dəqiqə iştirakınız hamımızda xoş əhval-ruhiyyə yaratdı.
Ümumiyyətlə, incə yumorunuz və şux zarafatlarınızla iştirak etdiyiniz hər yerdə xoş aura yaratmaq gücünə maliksiniz. Bir neçə ay öncə “Söz”ün 30 illiyini qeyd elədik. Amma 20 illiyindəkindən fərqli olaraq tədbirimizə qatılmağınızı qabaqcadan xahiş etmişdim. “Başqa daha vacib iş çıxmasa, mütləq sizinləyəm” söylədiniz. Vaxt yetişəndə gülərüz və xoşxasiyyət köməkçi qızlarınızın-Qazilə və Aynur xanımların yanına getdim. Qızlar sizin işə gəlmədiyinizi və BDU-da görüşdə olacağınızı söylədilər. Çox pərt oldum. Bunu görən qızlar “Çingiz müəllim zəng vurmuşdu, hansı tədbirləsə əlaqədar bura gəlib, sonra öz tədbirinə gedəcəyini deyib” söylədilər. Ürəyim yerinə gəldi. Düz vaxtında gəlib, tədbirimizə qatıldınız. Bizi xeyli tərifləyib, təbrik etdiniz. Yenə səmimi xarakterinizlə elə xoş aura yaratdınız, heç kəs sizin getməyinizi istəmirdi. Sizsə yenə 20-25 dəqiqəlik iştirakınızdan sonra öz tədbirinizə getdiniz. Arzuladınız ki, “Söz”ün 40, 50 illiklərini də birgə qeyd edək. Amin!!!
Çingiz müəllim!
Son otuz neçə ildə ilk dəfədir, yubiley yaşınızı Qarabağlı Azərbaycanda qeyd edirsiniz. Bunu o qədər arzulamışdıq ki... “Gün o gün olsun...” Şükür ki, o arzumuz çin oldu. Bu hər bir azərbaycanlının arzusu idi. Bir qarabağlı olaraq sizinçün nə demək olduğu mənə bəlli. “Şuşa, sən azadsan!” Fateh Prezidentimiz İlham Əliyev cənablarının sevinc həyəcanıyla söylədiyi bu sözlərdən sonra duyğularımı ilk olaraq sizinlə bölüşdüm. “Çingiz müəllim, mən Şuşadayam, siz hardasınız?” mesajıma siz də yumorlu bir cavab yazdınız: “Yoldayam, çatıram, lap az qalıb.”
Ömrüm boyu həsrətində olduğum Şuşaya ötən yay qovuşdum. Şuşada Vaqif Poeziya günləri iştirakçılarının siyahısına adımı siz saldırmışdınız.
Toy-büsatlı, çal-çağırlı Şuşada hər zaman bayram ovqatı yaşayaq. Amin!
Sizə isə sağlam canla uzun uzun ömür, bugünkü enerjinizlə yaradıcılıq uğurları arzulayıram. Hər zaman dünyamızın sevilən Çingizi olasınız.
Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru