13:49

Müəllimlik ən şərəfli peşədir

«Müəllimlik peşəsi dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də ondan da çox uşağın hər əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır vəzifələrdən biridir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirirlər. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin nəticəsində yetişmiş insanlardır. Müəllim yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər bir insanın layiqli vətəndaş kimi yetişməsində müəllimlərin əvəzsiz xidmətləri vardır. Xatırladaq ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Cününün qeyd olunmasına dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Müəllimlər günü müasir dövrümüzdə dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabr ayının 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir.
Ölkəmizin hər yerində olduğu kimi bu gözəl günü qeyd edən təşkilatlardan biri də TİAHİ Xaçmaz rayon komitəsidir. Komitə tərəfindən Yeni il, 8 Mart, Novruz bayramı və s. bayramlarla yanaşı bu bayram günü də xüsusi təntənə ilə qeyd edilir, il ərzində öz əməyi ilə fərqlənmiş müəllimlərə mükafatlar, fəxri fərmanlar təqdim edilir. Həmkarlar tərəfindən bu il Zəfər bayramı və Ulu Öndərin 100 illiyi çox böyük təntənə ilə qeyd olunub».
Bu fikirləri Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbas bildirdi. Yaşar müəllim həmçinin rəhbərlik etdiyi komitə haqqında ətraflı məlumat verərək qeyd etdi ki, komitənin hazırda 4 min 544 üzvü vardır və hər bir üzvə xüsusi həssaslıqla yanaşılır, onların sosial vəziyyətləri, sağlamlıqları və s. diqqət mərkəzində saxlanılır. Bu il komitənin 118 üzvü müxtəlif sanatoriyalara istirahətə göndərilib. Müraciət edənlərin çox olması ilə əlaqədar olaraq bu rəqəmin ilin sonuna kimi artacağı mütləqdir.
Konfederasiya Xaçmaz müəllimlərinin 500 nəfərə yaxınını himayəyə götürüb ki, bunların arasında müharibə veteranı və qazilər də vardır. Onlara mütəmadi maddi yardımlar edilir. Həmçinin təqaüdə çıxanlara da pul mükafatı, hədiyyə və fəxri fərmanlar verilir. Onu da qeyd edək ki, Xaçmaz rayonunda 122 məktəb fəaliyyət göstərir.
Əmək fəaliyyətinə özünün dediyi kimi ən şərəfli peşə olan müəllimlikdən başlayan Yaşar Abbas 1981-ci il 17 sentyabrda Xaçmaz rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə universitetin filologiya fakültəsini bitirib. O, təyinatla Xaçmaz rayonunun Rəhimova kənd məktəbinə göndərilib və orada ədəbiyyat müəllimi olaraq pedaqoji fəaliyyətinə başlayıb. O, daha sonra pedaqoji fəaliyyətini Türkiyənin Anadolu Universitetində davam etdirib. Həmçinin dəfələrlə müxtəlif kurslarda olub. 2006-cı ildə direktorların işə qəbulu imtahanında iştirak edən Yaşar müəllim yüksək nəticə əldə edib və təyinatla rayonun Aşağı Ləgər məktəbinə göndərilib. 2018-ci ilə kimi həmin məktəbin direktoru vəzifəsində çalışıb.
2023-cü ilin iyul ayında isə hazırda işlədiyi TİAHİ Xaçmaz rayon komitəsinə sədr seçilib.
Yaşar müəllim hansı vəzifəni icra etməsindən asılı olmayaraq birinci növbədə pedaqoqdur. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu bundan sonra da xalqımızın xoşbəxt gələcəyi üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

GÜLAĞA,
keçmiş SSRİ Jurnalistlər İttifaqının
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Xaçmaz.