13:48

Şəhid Emil Qurbanovun doğum günündə məzarı ziyarət olunub


Avqustun 25-də Vətən müharibəsi şəhidi Emil Vaqif oğlu Qurbanovun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Xəbər24.medianın məlumatına görə, Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 1986-1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub.

İgid döyüşçü 2001-ci ildə orta məktəbdə və universitetdə onunla birlikdə təhsil alan Vüsalə xanımla ailə həyatı qurub.

2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq rayonuna qayıdıb. Hərb sahəsinə sonsuz marağı onu yenidən, üç aylıq fasilədən sonra ordu sıralarına aparıb.

E.Qurbanov 2003-cü ilin oktyabrında Tərtər rayonunun “N” saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayıb. 2005-ci ilədək burada hərbi xidmətini davam etdirib. 2005-ci ildə yenidən Lənkərana qayıdan Emil “Zirvə” idman kompleksində məşqçi-müəllim işləməyə başlayıb, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak edib. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunub. 2012-ci ilin sentyabrınadək orada fəaliyyət göstərib. Seçdiyi ixtisası çox sevdiyi üçün E.Qurbanov müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək bir vaxtlar təhsil aldığı Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlayıb.

Qəhrəman döyüşçümüz peşəsini sevdiyi kimi, ailəsini və Vətənini də çox sevirdi. O, həm gözəl övlad, oğul, həm də həyat yoldaşı və ata idi. 19 illik ailə səadətindən bir gözəl qız övladı yadigar qalıb.


Vətən müharibəsi başlananda səfərbərlik xidməti tərəfindən ordu sıralarına çağırıldıqda, Emil Qurbanov hər kəslə görüşüb, halallaşıb yola düşüb. Gedərkən müəllim yoldaşlarına söyləyib ki, mən döyüşə gedirəm, şəhid olacağam...


Vətən müharibəsində tağım komandiri kimi leytenant Emil Qurbanov Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmalıqla döyüşüb. Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə iki güllə yarası alaraq 29 oktyabr tarixində qəhrəmancasına şəhid olub.


Şəhid Emil Qurbanov Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!