09:05

Lerik sakinindən narkotik tutulub

Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb. Bu barədə Xəbər24.mediaya məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilib. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Lerik RPŞ əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri növbəti əməliyyat və profilaktiki tədbirlər nəticəsində 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.