02:23

Astarada 25 hektar sahədə intensiv sitrus bağı salınıb

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində Astara rayonunda son illər fərdi təsərrüfatlardan başqa, təkcə fermer və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektardan artıq intensiv subtropik və sitrus meyvə bağları salınıb, ümumi sahəsi 4500 hektara çatdırılıb.

Xəbər24.media-nın məlumatına görə, belə təsərrüfatlardan biri də Şahağac kəndi ərazisində yeni salınan intensiv sitrus meyvə bağıdır.

Ümumi sahəsi 25 hektar olan sitrus meyvə bağının salınmasına bu ilin mart ayından başlanılıb. Türkiyəli mütəxəssisin rəhbərliyi ilə torpaq əkin üçün tam hazır vəziyyətə gətirilib, ən yeni üsullarla tinglərin əkilməsinə başlanılıb. Sitrus bağında hər hektarda 650 ədəd olmaqla, ümumilikdə, 16 mindən çox Türkiyədən gətirilmiş “Okidsu” və “Mihovaze” sortu olan naringi tingləri əkilir.

Hazırkı iş prosesində təsərrüfatda gündəlik 60 nəfərdən çox fəhlə çalışır. Əkin başa çatandan sonra sitrus bağında müasir suvarma sistemlərinin qurulmasına başlanılacaq.

Sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri də fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi, yeni subsidiya mexanizminin tətbiq edilməsidir. Qaydalara əsasən, növündən asılı olaraq salınacaq yeni intensiv sitrus bağlarının hər hektarı üçün 9-11 min manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulur.