17:39

Lənkəranda son 10 ildə yol infrastruktu xeyli genişlənib

Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son 10 ildə Lənkəran rayonunda ümumi uzunluğu 200 km-ə yaxın 9 yol layihəsi icra edilərək istifadəyə verilib. Lənkəran Şəhər İcra Hakimiyyətindən Xəbər24.mediaya verilən məlumata görə, bunlar Şürük-Vel-Qamışovka, Lənkəran-Vilvan-Osakücə- Türkəncil, Vilvan-Zövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqcılar, Aşağı Nüvədi-Kənarmeşə-Şürük, Hirkan-Daştatük-Biləsər, Lənkəran-Lerik, Hirkan-Mamusta-Siyavar, Səpnəkəran -Şürük - Sütəmordov - Velədi - Gərmətük - Bala Şürük- Kosalar-Kərgəlan - Lüvəsər - Bəlləbur- Qurumba kəndlərarası avtomobil yollarıdır.
Bildirilib ki, ümumi uzunluğu 75,2 km əhatə edən daha 2 yeni yol layihəsi investisiya proqramına daxil edilib. Bundan başqa, 2012-ci ildən 2023-cü ilədək Lənkəran və Liman şəhərlərində 74 küçə, ümumilikdə 427099 kv.m yol asfaltlanıb. Bununla yanaşı, cari ildə 21 küçənin asfaltlanması da nəzərdə tutulub. Şəhərin Hənifə Abdullayev və Qala xiyabanı küçəsindən sonra Rövşən Bayramov küçəsinin də asfaltlanması artıq yekunlaşaraq ümumi istifadəyə verilib və digər küçələrə yeni asfalt örtüyünün döşənməsi yaxın günlərdə davam etdiriləcək.

Yol infrastrukturunun yenilənməsi ilə zərurət yaranan bir sıra ərazilərdə vətəndaşların rahat gediş-gəlişini təmin etməkdən ötrü körpülərin də tikintisi həyata keçirilib. 2012-2023-cü illər ərzində rayonun 10 yaşayış məntəqəsində ümumilikdə 19 körpünün inşası tamamlanıb. Belə ki, Günəhirdə 7, Bəlitonda 1, Siyablida 1, Daşdatükdə 1, Biləsərdə 2, Aşağı Nüvədidə 3, Vilvanda 1, Gəgiranda 1, Tüədoda 1, Osakücədə 1 körpü tikilib istifadəyə verilib.

Məlumatda o sa qeyd olunub ki, yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran rayonunda cari ildə də dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq davam etdiriləcək. Təmirə ehtiyacı olan şəhərdaxili yolların əsaslı təmiri Lənkəran şəhərinin sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına daxil edilib.