14:02

Lənkəran Regional Elmi Mərkəzində yeni çay əkini keçiriləcək

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (Lənkəran REM) çay və subtropik bitkilər şöbəsi Azərbaycanda çay və sitrus bitkilərinin sort formalarının toplanması, öyrənilməsi, seçilməsi, yeni sortların yaradılması ilə bağlı fəaliyyətini davam etdirir. Bu günlərdə mərkəzin təcrübə sahəsində məhdud ərazidə toxum və klon üsulu hazırlanmış yeni çay tinglərinin əkini üçün torpağın hazırlanmasına başlanıb.

Xəbər24.medianın məlumatına görə, noyabrın 21-də Lənkəran REM-in direktoru, f.ü.f.doktoru Mehman Qaraxan oğlu Əliyev, elmi işlər üzrə direktor müavini, b.ü.f.doktoru Sevinc Hüseynova və ümumi işlər üzrə direktor müavini Namiq Qasımov təcrübə sahəsində çay əkininə hazırlıq işlərinin gedişi ilə tanış olub, kollektivə Fərman Quliyev irsinin davam və inkişafı ilə bağlı təklif və tövsiyyələrini çatdırıblar. M.Qaraxan oğlu Əliyev bildirib ki, professor Fərman Quliyevin rəhbərliyi altında müxtəlif sitrus bitkilərinin, çayın, həmçinin limon, naringi, portağal, qreypfrut və digər bitkilərin sort formaları toplanıb və zəngin bir bağ salınıb. Bu bağın bundan sonra da qorunması, saxlanılması və inkişaf etdirilməsi hamımızın vəzifə borcu olmalı, mərkəzimizin əsas istiqamətlərindən biri olan çay və sitrus bitkiçiliyi sahəsində elmi-tədqiqat işlərini dövlət proqramlarına və AMEA rəhbərliyinin tələblərinə uyğun olaraq inkişaf etdirməliyik.

Aqrar sahədə görkəmli alim, mərhum professor Fərman Quliyevin elmi mərkəzin təcrübə sahəsində yaratdığı “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort formaları olmaqla 30 növ sitrus bitkisi, həmçinin çay bitkisinin yeni sortlarının alınması istiqamətində elmi-tədqiqat işləri uğurla aparılır.

Qeyd edək ki, bir neçə gündən sonra professor Fərman Quliyevin müəllifi olduğu “Fərmançay”, “Fərmançay çəhrayı”, “Xəzər” və yeni alınmış “Zəfər” sortlarından klon üsulu ilə hazırlanmış tinglərin və həmin sortlardan alınmış elit toxumların əkininə start veriləcək.

Sərraf Talıbov