13:22

Övladlarına xəyanət edən dahilər

Uşağa xəyanət etmək çətin deyil - bunun müqabilində körpə nə edə bilər axı? Burada hər şey tamamilə valideynin hökmündən asılıdır; heç olmasa əvvəllər belə idi. Uşaqla yaşamaq çətindir: baxmalısan, qayğısını çəkməlisən, yedizdirməlisən, gəzməlisən, oxutmalısan... Uşaq səni yatmağa qoymur, qışqırır, ağlayır, böyüyəndə hay-küy salır, nadinc hərəkərlər edir.

Filosof Jan-Jak Russo bu haqda fikirləşdi və sadəcə olaraq yeni doğulmuş uşaqlarını uşaq evinə təhvil verməyə başladı. O, çox da zəngin yaşamırdı, iş-gücü yazmaq idi və arvadından dünyaya gələn uşaqlar isə onun həyatını çox çətinləşdirə bilirdilər.



Filosof Russo beş uşağını bir-bir uşaq evinə təhvil verdi. Doğrudur, o, dünyaya gətirdiyi uşaqlarla birgə yaşadı, onlarla nəfəs aldı və bir gün heç nə olmamış kimi soyuqqanlıqla uşaqlarının qolundan tutub onları uşaq evinə təhvil verdi. Russo yazırdı ki, o, uşaqlarının kəndli olmağını istəyir. Qoy təmiz hava alsınlar, sağlam işlə məşğul olsunlar, saf yemək, sağlam qida qəbul eləsinlər, sağlam təbiətlə harmoniya qursunlar... Çox güman ki, Russonun öz körpələrinin sonrakı taleyindən əsla xəbəri olmayıb. Onlar elə uşaq evindəcə ölüblər, çünki 18-ci əsrdə şərait dəhşətli idi. Lakin Russo bu barədə düşünmürdü. O, uşaqların düzgün tərbiyəsi haqqında traktat yazmışdı və bu əsər ona müəllim və pedaqoq kimi böyük şöhrət qazandırmışdı.

Lord Bayron dörd yaşlı qeyri-qanuni qızı Allegranı monastıra vermişdi. Əvvəlcə qızı anasının əlindən almış, sonra uşaq şairi bezdirmişdi. "O, qatır kimi inadkar və eşşək kimi acgözdür!" - deyə Bayron balaca qızcığazı poetik şəkildə belə təsvir ermişdi. Qız ona mane olurdu; onlar bir qalada yaşayırdılar.

Dörd yaşlı uşağın qalada ona necə mane ola biləcəyini adam heç cür təsəvvürünə gətirə bilmir... Monastırda qız tamam quruyub solmağa başlamışdı. "Solğun, sakit və zərif"- uşaq belə xarakterizə olunurdu. Rahibələrin təkidi ilə Allegra atasına məktub yazdı; daha doğrusu, mərhəmətli rahibələr onun adından qızına baş çəkməyi xahiş etdilər... Bayron isə cavabında bildirdi ki, Allegra sadəcə olaraq onun gətirəcəyi hədiyyələrə ümid edir. Getməyə ehtiyac yoxdur! Bax, beş yaşında qız yadların arasında beləcə öldü.



Şairə Marina Svetayeva da aclıq illərində uşaqlarını körpələr evinə vermiş və onların anası olduğunu deməməyi əmr etmişdi. Guya onlar yetimdirlər. M.Svetayevanın kiçik qızı İrina aclıqdan və xəstəlikdən elə uşaq evindəcə ölmüşdü. Şairə uşaqları saxlamağın şərtlərini öz gözləri ilə görməyi qət etdi - xaç anası adı altında o, uşaqlara baş çəkdi. Daha sonra böyük qızını özü ilə götürüb apardı. Ən kiçik qızı isə kimsəsizlər arasında ölüb tələf oldu. Bu hekayə haqqında daha ətraflı məlumatı şairənin "İroçka Yefronun ölümü"ndə oxuya bilərsiniz. Svetayeva qızının dəfn mərasiminə getmədi, amma iztirabları haqqında çox kədərli bir şeir yazdı. Təbii ki, Moskvada xidmətdən imtina edərək iki uşaqla ayrı bir mənzildə yaşamaq çox çətin idi. Şeir yazmaq isə daha da çətin idi, uşaqlar çox diqqət, qidalanma tələb edirdi. Svetayeva iki yaşlı İrinanın “qarınqululuğundan” da bəhs etməyi unutmamışdı... Yəqin ki, ulu nənələrimiz işləmələrinə baxmayaraq şeir yazmırdılar və bu səbəbdən də övladlarını uşaq evlərinə vermirdilər. Onlar üçün yaşamaq Svetayevadan, ya Bayrondan və ya Russodan daha rahat idi...

Sevgi və ruh haqqında mənəvi sətirlər yazmaq olar. Ancaq bunu fərqli etmək lazımdır. İnsanlar uzun illər yazdıqlarınız böyük şeirlərə, fəlsəfi traktatlara heyran qalacaqlar, amma bilməzlər ki, bu gözəl əsərlərin yaradılması zamanı müəllifin atılmış övladı haradasa aclıqdan və ya əzabdan can verir, tək-tənha ağlayır və ya sadəcə arxasını divara çevirərək səssizcə uzanıb - heç kimin təsəlli verməyəcəyini ağlına belə gətirmir ... Amma bu böyük insanlar yazıqdırlar. Hisslərini çox yaxşı başa düşürlər. Və səmimi şəkildə maraqlanırlar ki, niyə bu cür əzab onların payına düşüb? Baxmayaraq ki, burada heç bir xüsusi əzab yoxdur: aclıq yox, döyülmə faktı yox, başqalarından tam asılılıq yox... Filosof Russo özü haqqında kədərli şəkildə yazırdı: “Yalnız, xəstə yatağımda hamı tərəfindən tənha qalıb yoxsulluqdan, soyuqdan ölə bilərəm, amma heç kim bundan narahat olmayacaq”... Xoşbəxtlikdən çoxsaylı himayədarları və uşaq evinə verilmiş övladlarının anası Russonu aclıqdan və soyuqdan xilas etdilər. Onu əzab çəkməyə qoymadılar...

Bunlar ağlabatanlığı, yaxşılığı, əbədiliyi öyrədən böyük əsərlər qoyub getmiş böyük insanlardır. Övladlarının taleyindən isə az adamın xəbəri var; amma bu haqda bilmək lazımdır. Və yadda saxlamalıyıq - uşaq tamamilə valideyndən asılıdır. Ona xəyanət etmək asandır! Nə etiraz edə, nə qisas ala, nə də qınaya bilər. Son günə qədər ümid edəcək ki, onun arxasınca gəlib xilas edəcəklər, geri qaytaracaqlar! ...Şair Şelli dənizin üstündə Bayron qalasında balaca Allegranın parlaq obrazını görmüşdü. O gülümsəyirdi, deməli, hər şeyi bağışlamışdı. Uşaqlar bağışlayan olurlar...

Ağaddin BABAYEV