15:41

Xalq artisti Ərdoğana həsr etdiyi mahnıdan danışdı: “Seçki ərəfəsində belə bir addım atmağı...” - FOTO/VİDEO

Xalq artisti Gülyanaq Məmmədova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mahnı həsr edib.
“Turan Erdoğan Diyor” mahnısı “Youtube” platformasında böyük maraqla qarşılanıb.

Gülyanaq Məmmədova Musavat.com-a açıqlamasında sözügedən mahnının ərsəyə gəlməsindən danışıb.

Xalq artisti bildirib ki, şeir təklifi ona şair Akif Azalp tərəfindən gəlib:
“Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illiyi münasibətilə keçirilən tədbirdə idik. Mən orada Akif Azalpın şeirlərini eşitdim və çox xoşuma gəldi. Azərbaycan-Özbəkistan dostluğuna aid bir şeir də yazmışdı. Yaxınlaşıb onunla tanış oldum. Akif Azad sevinc içində idi, dedi ki, bir şeir də var, onu göndərəcəm. Bilirsiniz ki, mən millətimə, dövlətimə, dövlət başçılarımıza sayğı, dəyər verən insanam. Hər zaman vətənpərvərlik mövzusunda aktiv olmuşam. Dövlət başçılarımıza sevgilərimi öz nəğmələrimlə bildirmişəm.

Həmin şeirə baxan kimi sözlərə mahnı yazdırmaq qərarına gəldim. Mahnını lentə aldırıb, bir dostumuz var, ona göndərən kimi Türkiyə kanalından klip çəkdirmək üçün dəvət gəldi. Klip çəkdirmək üçün İslam müəllim tərəfindən təklif gəldi. Əslində həmin axşam Özbəkistana yola düşürdüm. Klipi çəkdirib getdim ki, mən gələnə qədər tamamlansın. Nəhayət, dünən tamamlanıb yutub kanalına yerləşdirildi. Musiqi üçün Yaqut Əliyevaya müraciət etdim. Mən onun mahnılarına çox müraciət etmişəm. “Gözləri ilə danışan mələklər” adlı layihəmiz də olub. Yaqut xanım çox həvəslə yazdı, bir neçə variantdan bu variantı seçdim. Çünki həm bizim, həm də türkiyəlilərin damarına uyğundur. Ona görə də belə bir musiqi seçimi etdim. Yaqut Əliyevanın bəstəsi, Akif Azalpın sözlərinə yazılmış mahnı beləcə ortaya gəldi. Mənim ölkə başçısı cənab İlham Əliyevə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana böyük sevgim var. Bir ailənin başçısına hörmət etmək necədirsə, bir dövlətin də rəhbərinə o cür hörmətlə, sevgi ilə yanaşmalıyıq. Mən də ailəmə, ailə başçıma dəyər verdiyim kimi, dövlətimə, dövlətimin rəhbərinə də bir vətəndaş olaraq sevgim böyükdür. Bu səbəbdən mən bu mahnını yazdırdım. Necə ki, öz sevgimi sözlərimlə, mahnılarımla prezidentimizə bildirmişəm, eləcə də iki dövlət, bir millət olaraq sevgimi bu formada bildirdim. Türkiyə hər zaman bizim yanımızda olub, biz Türkiyənin yanında olmuşuq. Ən yaxşı, ən acı günlərimizdə bir-birimizə dəstək olaraq qardaş demişik. Bu qardaşlıq qandan, candan, kökdən gəlirsə, bizim hər birimiz bu sevgini bir sənətçi olaraq bu cür bildirə bilərik”.

Gülyanaq Məmmədova qeyd edib ki, mahnı 4-5 gündür Türkiyə radiolarında səslənir:

“Kanallarda da klip artıq yayımlanmağa başlayıb. Klipin ərsəyə gəlməsində əməyinə görə rejissor Nail Naiboğluya öz təşəkkürümü bildirirəm. O, yaradıcı heyəti ilə bu işə çox can yandırdı. Bu işdə əməyi olan hər kəs sağ olsun”.
Xalq artisti Səmərqənddəki çıxışından da danışıb:
“Ötən ilin noyabrında Səmərqənddə keçirilən Zirvə toplantısında prezidentin qarşısında çıxış etdim. Bu, mənim üçün şərəfdir.



Eləcə də ölkəmizdə keçirilən tədbirlərdə Azərbaycan və Türkiyə prezidentlərinin qarşısında çıxış edən bir sənətçi kimi seçki ərəfəsində belə bir addım atmağı özümə borc bildim. İstədim ki, Azərbaycan xalqı adından öz dəstəyimizi verək. Azərbaycanlı olaraq həmişə Türkiyəyə sevgimiz olub, ona görə də bu dəstəyi Azərbaycan adından nəğmə ilə vermək istədim”.

Xəbər24.media Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru