15:09

“Yuğ” teatrının truppası Masallıda

Azərbaycan Dövlət "Yuğ" Teatrı Masallıda qastrol səfərində olub. Xəbər24.medianın məlumatına görə, səfər çərçivəsində Azərbaycan Dövlət “Yuğ” Teatrı “Şəbədə” tamaşasını Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Tamaşadan öncə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil ismailov qonaqları salamlayıb. Daha sonra teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov rəhbərlik etdiyi kollektivin yaradıcılıq fəaliyyəti haqqında söz açıb.

Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.

Rolları Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) ifa ediblər.

“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyası üzərində qurulmuş səhnə əsəri xurafat və geriliyin bütün zaman və məkanlarda mütərəqqi dəyərlərə zərbə olduğunu bəyan edir.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.