15:31

Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölüb

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb. Xəbər24.medianın məlumatına görə, bu, rayonun Şirinsu qəsəbəsində baş verib. Bir həftə öncə 3 yaşlı qəsəbə sakini Uğur Elvin oğlu Abızadədə yüksək hərarət yaranıb. Valideyinlərinin həyata keçirdikləri tədbirlər sayəsində uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib.

Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağrılıb. Təcili yardım uşağa ilk tibbi yardım göstərib və onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna razı olmayıb. Təcili yardımdan sonra uşağın vəziyyəti yenidən pisləşdiyindən yaxınları tərəfindən dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Uğur Abızadənin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ailənin digər övladı olan 5 yaşlı Yunus Abızadənin də bədənində hərarət müşahidə olunduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.