16:37

Cəlilabadda yeni məktəblər istifadəyə verilib-FOTOLAR

Cəlilabad rayonununda yeni tikilmiş məktəblər istifadəyə verilib. Xəbər24.medianın məlumatına görə, bu münasibətlə Sərhədəbad kənd tam orta məktəbində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Elxan Nəcəfov, RİH-in məsul şəxsləri, məktəblilər, məktəbin pedaqoji kollektivi və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İcra başçısı Rafiq Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilə qayğı yüksək səviyyədədir. Bu istiqamətdə Cəlilabadda da təhsilin inkişafı sahəsində bir sıra layihələr icra olunur, dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni təhsil ocaqları tikilir və təmir olunur. Bu il Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa edilmiş 360 şagird yerlik Sərhədabad kənd tam orta məktəbinin, Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilmiş 96 şagird yerlik Əsədli kənd tam orta, 96 şagird yerlik Sarxanlı kənd ümumi orta, 96 şagird yerlik Moranlı kənd ümumi orta, 80 şagird yerlik Həsənli kənd ümumi orta və 80 şagird yerlik Vənlik kənd ümumi orta məktəbin modul tipli binaları istifadəyə verilir. İnanırıq ki, bu məktəblərdə dərs deyən müəllimlər və valideynlər də görülən işlərə öz töhfələrini verərək daha savadlı və vətənpərvər gənclər yetişdirəcəklər.

Açılış mərasimində çıxış edən Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Elxan Nəcəfov “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzulayıb.

Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra iştirakçılar məktəb binasına baxış keçirib, yaradılan şəraitlə tanış olublar.