17:42

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan Lənkəran şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib

Sentyabrın 18-də Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Təhsil Nazirliyinin təhsil islahatlarının əlaqələndirmə şöbəsinin müdiri Leyla Xəlilova, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirak ediblər.

Xəbər24.medianın məlumatına görə, qonaqlar 840 yerlik məktəbin idman zalına, sinif otaqlarına, 3 laboratoriyaya, 150 yerlik akt zalına və informatika otaqlarına baxış keçiriblər. Təhsil müəssisəsi Fond tərəfindən bütün zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin təhlükəsizlik sisteminə xüsusi diqqət yetirilib, çoxsaylı kameralar quraşdırılıb. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, 1 açıq idman meydançası salınıb, ərazi müasir işıqlandırma sistemləri ilə təmin edilib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müəllim və şagirdlərlə söhbətində 167 illik qədim tarixi keçmişə sahib olan 1 nömrəli tam orta məktəbin Azərbaycanın böyük ziyalı ordusunun formalaşmasındakı xüsusi xidmətlərindən danışıb. Onun sözlərinə görə, 1973-74-cü illərdə istifadəyə verilən məktəb bir neçə dəfə cari təmir olunsa da, əsaslı təmirə böyük ehtiyac olub. Taleh Qaraşov fədakar müəllimlərin səyi nəticəsində sözügedən təhsil ocağında qəhrəman oğulların, təhsil nailiyyətləri ilə nümunə ola biləcək bilikli övladların yetişdiyini qeyd edib: “Qarabağ müharibələrində bu məktəbdən 7 nəfər şəhid olub ki, bu da müəllimlərimizin vətənpərvərlik ruhunu şagirdlərimiz arasında necə təbliğ etdiyinin bariz nümunəsidir”.

İcra başçısı vurğulayıb ki, sözügedən məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilməsi dövlətimizin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının təzahürüdür.

Məktəbin pedoqoji kollektivi və eləcə də şagidrlər yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin və səmimi təşəkkürlərini vurğulayıblar.