12:21

Masallıda “O, Heydər Əliyevdir ! ” mövzusunda tədbir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının birgə dəstəyi ilə Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “O, Heydər Əliyevdir ! ” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası fəallarının, kollecin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq, dünya liderlərinin dahi şəxsiyyət haqqında dedikləri sözlərdən sitatlar səsləndirib. Qeyd olunub ki, öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.

Sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söhbət açıb. Natiq qeyd edib ki, deyilənlərə yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulmuş müasir mədəniyyət siyasətinin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirməkdir. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması və qəbul edilməsinin getdikcə güclənməsi bu sahədə nikbin proqnozlar üçün əsas verir. Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

Tədbirdə YAP Masallı rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Miriş Hüsyenov və baş mühasib Mirələm İbrahimov “Fəxri Fərman”la təltif edilib.

Yekunda Masallı Xalq Teatrı aktyorlarının və Masallı Dövlət Regional Kollecinin tələblərinin ifasında Ulu Öndərə həsr olunmuş “Möhtəşəm Qala” kompozisiyası nümayiş olunub.