17:59

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun doğum günü qeyd olunub

Mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində 2020-ci il Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun doğum günü qeyd olunub.
Xəbər24.medianın məlumatına görə, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və İcra aparatının işçiləri, hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, qəsəbə sakinləri, şəhidin döyüş yoldaşları, ictimayət və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Sonra tədbirdə çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov şəhid mayor Anar Novruzovun anadan olmasının 47-cı ildönümün yad edilməsi məqsədi ilə Masallı rayon Gənclər və İdman idarəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə məktəblər arasında keçirilən “Tir atıcılığı”, eləcə də Uşaq-Gənclər İdman Şahmat Məktəbi ilə birlikdə keçirilən şahmat üzrə rayon turnirinin qaliblərini elan edərək, onları diplomlarla mükafatlandırıb.

Sonda Ərkivan qəsəbə 1, 4 və 5 saylı orta məktəblərin şagirdləri vətənə, bayrağa, şəhid Anar Novruzova həsr edilən şeirlər söyləyiblər.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Ali Baş Kamandan cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə edib.






Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru