11:30

Jurnalist və teleaparıcı Nikolay Svanidze vəfat edib

Tanınmış jurnalist və teleaparıcı Nikolay Svanidze 69 yaşında vəfat edib. Xəbər24.media bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, N.Svanidze öz mənzilində dünyasını dəyişib. Son illər ağır xəstə olan teleaparıcıya beyin işemiyası diaqnozu qoyulub.

Onun ölümünə isə pnevmoniya nəticəsində yaranan ağırlaşmalar səbəb olub.

2023-cü ilin fevralında Svanidzenin xəstəxanaya yerləşdirildiyi məlum olub. Jurnalist pnevmoniya və ağciyər ödemi ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilib, teleaparıcı süni nəfəs aparatına qoşulub. Daha sonra Svanidzenin vəziyyəti yaxşılaşıb və müalicə üçün İsrailə aparılıb. Həmin ilin iyul ayında teleaparıcının həyat yoldaşı onun fiziki terapiya reabilitasiyası keçdiyini və səsini bərpa etmək üzərində işlədiyini bildirib.

Qeyd edək ki, Nikolay Svanidze 1955-ci ildə Moskvada anadan olub. 1991-ci ildə Rusiya televiziyasında işləməyə başlayıb. “Güzgü”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinin aparıcısı olub. O, həmçinin Rusiyanın tarixinə dair “Nikolay Svanidze ilə tarixi salnamələr” silsilə sənədli proqramların müəllifi olub. 2001-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.