17:04

Cəlilabadın Privolnoye kəndinin tarixi

Bu günü:

Privolnoye Cəlilabad rayonunun İnzibati Ərazi Vahidliyinə daxil olan qəsəbə tipli kənddir. 2023-cü ilin 01 yanvar siyahıalınmasına əsasən kənddə 5100 nəfər əhali, 1127 təsərrüfat, təxmini 750 ailə evi (tüstü çıxan) vardır. Kənd Bəcrəvan, Hacıcavad, Göytəpə və Göytəpəçay, Ağdaş və Çünzəli kəndləri ilə həmsərhəddir. Rus kəndlərində tikilən evlər plan üzrə eyni formada üzü şərqə inşa edilmişdir. Evlərin bu cür tikilişi Günəşin hərtərəfli evə düşməsinə şərait yaradır. Həmçinin yayı od ələyən Muğanda şimal-şərq küləyinin ön hissədən həyət-bacaya, evə sərinlik gətirməsinə də şərait yaradır.
Kənd icması əsasən, maldarlıq, əkinçilik, üzümçülük, şərabçılıq, kartofçuluq, o cümlədən xırda və geniş ticarətlə məşğuldurlar. Privolnoye vaxtilə rus və yəhudi təriqətli icmaların Rusiyadan köçürülməsi nəticəsində yaradılmışdır. XX əsrin 90-cı il hadisələrindən sonra, yəni sovet dövləti dağıldıqdan sonra Azərbaycandan rus icmalarının Rusiyaya qayıdışı başladı, o cümlədən Privolnoye ruslarının da əksəriyyəti köçməyə başladı. Amma Azərbaycanı Vətən hesab edib, burada doğulub boya-başa çatan bir çox rus icması ev-eşiklərini tərk etmədilər. Son vaxtlar kənddə 24 rus, 9 yəhudi icması yaşamaqda davam edir, onlar yerli azərbaycanlılarla qaynayıb-qarışaraq, sosial məsələlərdə, əmək, mədəniyyət sahəsində birgə çalışmağı üstün tuturlar. Hətta köçüb getmiş ailələrin övladları da hər yay Privolnoyeyə gələrək, dünyasını dıəyişmiş yaxınlarının qəbirlərini ziyarət edirlər.

Keçmişi və tarixi:

Türkmənçay müqaviləsindən (1828) sonra çar mütləqiyyəti işğal etdiyi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda ruslaşdırma siyasəti aparmaq və özünə dayaq yaratmaq məqsədilə buraya Rusiyanın içərilərindən arzuolunmaz rus ailələrini köçürməyə başladı. Muğana, o cümlədən Lənkəran qəzasına köçürülən bu ailələrin içərisində təriqətçi – molokanlar, subbotniklər, babtistlər və digərləri, həmçinin bidətçi, yəni mövcud dinə qarşı çıxış edənlər - yeni təlim tərəfdarları var idi.
Rusiyadan Azərbaycana kütləvi köçürmə tarixdə 2 dəfə baş vermişdir: XIX əsrin 30-40-cı illəri, XX əsrin əvvəlləri (1905 - 1910-cu illər).
Pivolnoye kəndinin əsası 1839-cu ildə rus hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iuadizm (yəhudi) dininə tapınan milliyyətcə ruslar idi, təriqətcə subbotniklər adlanırdı. Bunlardan əlavə molokanlar və gerlər adlanan təriqətlər də məskunlaşmışdılar.
Kənd məhəllələrdən ibarət idi. İcma öz məhəllələrinin adı ilə tanınırdı: Mazon , Bulukley, Çerkessi, Balaşev. Qəmərşah Cavadov yazır ki, “ruslar kəndlərin nəsli patronomik prinsiplərlə yerləşdirilməsi ənənəsinə Azərbaycanda da əməl etmişlər”(Q. Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları, Bakı, 200., səh. 372.
M. Qasımov və S.Nəsiroğlu apardığı araşdırmalarda göstərir ki, ruslar bura Tersk vilayətinin Qızlyar, Stavropol quberniyasının Proskoveya, Həştərxan quberniyasının Mazon və Dubrovki, habelə Balaşev qəzasının müxtəlif kənd və digər yaşayış məntəqələrindən köçürülmüşlər. Bura köçürülən ruslar vətənlərindən yəhudiliyi qəbul etmə bəhanəsi ilə çıxarılmışlar.
Göytəpə sərhədi qoruma idarəsinin kameral-xidmətinin məlumatında qeyd olunur ki, “1914-cü il yanvar və fevral aylarında Muğanda ən böyük yaşayış məntəqələri sayılan Privolnoye, Pokrovka, Nikolayevka, Novoqolovka, ... və Qriqoryevka kəndlərinin əhalisi Muğanın cənubunda olan yararlı torpaq sahələrinin öz əllərinə keçirmişlər ( İQAMO, fond 413, d.52, p. 13 ).
Stavropol vilayətinin Praskoveya kəndinin və bir çox vilayətlərin sakinləri bura köçürüldükdən sonra buranın adını Privolnoye adlandırmışlar. Bu adın mənası ruslar tərəfindən «Приехавшие при своей воле» ( yəni, könüllü olaraq gələnlər ) adlandırılmışdı. Rusiya torpaqlarında kilsəyə itaət etməkdən boyun qaçıran subbotnik məzhəbli bu kəndlilər yeni yurdlarına “azadlıqda olma“, “firavanlıqda yaşamaq” adını verirlər.
Sabir Nəsiroğlu bu kəndlə bağlı araşdırmalarında yazır: “XIX əsrin 2-ci yarısında Rusiya İmperiyasının cənub torpaqlarında ən çox inkişaf etmiş bu kənddə yerli sənaye obyektləri, o cümlədən 11 kərpic zavodu, 4 su dəyirmanı, yağ emalı zavodu, kürəxanalar, k/t-ı üçün müxtəlif çeşidli dəzgahlar hazırlayan emalatxanalar və s. fəaliyyət göstərirdi“.
Bunlarla yanaşı kəndin gözəl sənətkatları – dəmirçilər, çəkməçilər, araba təkərləri düzəldən ustalar, taxta çəllək düzəldənlər, dülgərlər, ev tikən bənnalar Muğanda şöhrət qazanmışdılar.
Privolnoye kəndində 4 dini məhəlli məktəbləri fəaliyyət göstərirdi. Kənd əhalisinin 94%-i qədim yəhudi ( ivrit ) dilində yazıb-oxumağı bacarırdılar. 1873-ci ildə Privolnoye kəndində Rusiya İmperiyasının Maarif Nazirliyi rəsmi olaraq məktəb açmışdı. Məktəbin direktoru, təcrübəli müəllim D.İ. İvanov familiyalı görkəmli bir şəxs idi. Onun təhsil üçün təşkil etdiyi illik proqrama əsasən dərslər 4 ay olmaqla iki mərhələdə - oktyabrın 15-dən dekabrın 15-nə qədər, 1ay fasilədən sonra yenə 2 ay – yanvarın 15-dən mart ayının 15-dək dərs keçirilirdi. İvanov eyni zamanda “Rodinovedenie” (Vətənşünaslıq) adlı dərslik yaradır və təlim zamanı ondan istifadə edir. Sonralar yeni məktəbin tikintisində də (1889) onun əməyi çox olmuşdur.
XX əsrin əvvəllərində (1917 – 1920) Azərbaycanın Cənub bölgəsində - Muğanda cərəyan edən hadisələr ölkənin mərkəzi şəhərlərində baş verən ictimai-siyasi hadisələr qədər təlatümlü və qaynar olmuşdur. Bir tərəfdən”ağqvardiyaçılar” adlanan çar ordusunun hərbi tör-töküntüləri, bir tərəfdən bir-birinə müxalif olan eser-menşeviklər və sovet bolşevikləri, digər tərəfdən də ingilislər Muğanı hərbi poliqona çevirmişdilər. Çağrılmamış qonaqlar İllarion Talixadze, Timofey Ulyantsev, Nikolay Tutuşkin, David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və b. burada azğınlıq edirdilər. Erməni zabitləri Avetisyan və Makarovun Muğanda azğınlığı lap həddini aşmışdı. 1918-ci ildə Milli hökumət (AXC) yaranmasaydı və bu azğınların qarşısını almasaydı, Allah bilir, hələ nələr baş verə bilərdi!?
Belə hadisələrin baş verdiyi bir zamanda Muğan əhalisi özünü qorumaq üçün silahlanmağı, mübarizə aparmağı qərara almışdılar. Muğanda baş verən ictimai-siyasi hadisələrin mərkəzi Prişib (Göytəpə) və Privolnoye idi.
Cəlilabadın keçmiş mərkəzi Prişib nahiyyəsində (Qəzanın pristavlığl burada yerləşirdi) daşnakların, ingilislərin hərbi dəstələri yerləşmişdi. Privolnoye kəndi isə bu ərəfələrdə bolşeviklərin yuvası idi. Rusiya hökuməti Muğanda Sərhədi Qoruma Xidmətinin əsgərlərini tərxis olunandan sonra Prişib – Privolnoye bölgəsində saxlamağa can atırdılar. Onlar üçün hər cür şərait yaratmağa da söz verirdilər və əsgərlərin də bir çoxu qalmağa razılıq verirdilər. Privolnoyedə yerləşənlərin bir çoxu təbliğat nəticəsində bolşevik yolunu tutdular. Şəxsən bolşeviklərin yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) qarşı mübarizəsi bununla bağlı geniş miqyas almışdı. Privolnoye, Prişib, Astarxanbazar ərazilərində əksəriyyəti rus dilli əhalidən olan qırmızı partizan dəstələri öz saylarını çoxaldırdı. Görkəmli pedaqoq, Cəlilabadın ilk tədqiqatçı - tarixçisi R. Əsgərov yazır ki, “Privolnoyedə bunların sayı 115, Astarxanbazarda 248 nəfər idi”. Privolnoye bolşeviklərinin içində əslən Alarlı olan Tarqulu Bayramov kimilər də var idi.
1918-ci ilin mart ayında bolşevik qüvvələri ilə AXC qüvvələri arasında ciddi döyüşlər baş verdi. AXC qələbə çaldı. Prişibdə fövqəladə qurultay çağırıldı. 1918-ci il iyul ayında AXC-nin Lənkəran qəza icra aparatı quruldu. 5 nəfərdən ibarət Müvəqqəti hökumət təşkil edildi. Privolnoye kəndinin qırmızı partizanlarının qurultaya maneçilik cəhdləri baş tutmadı.
1919-cu il avqustun sonlarında Lənkəran qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları bərpa edildi. AXC hökumətinin hakimiyyəti 23 ay sürdü. 1920-ci il aprel ayında rus XI Qırmızı ordusunun müdaxiləsi və Cümhuriyyətin süqutundan sonra Lənkəran qəzasında yenidən (1920-ci il 3 may) sovet hakimiyyətı quruldu. “Qırmızı Partizanlar” mərkəzi olan Privolnoyedə bəzi qüvvələr öz arzusuna çatdı.
70 il sovet dövründə yaşayan rus təriqətçiləri hər cür şəraitlə təmin olunmuşdular. Bu gün də - Müstəqil Azərbaycanın yaranmasından keçən 33 il müddətində Privolnoyedə qalan ruslar dinindən, milliyətindən, cinsindən asılı olmayaraq, bir məkanda çox mehriban yaşayırlar. Rus icması, yəhudi icması milli bayramlarını da bir yerdə keçirirlər. Bir-birinə bayram sovqatları göndərirlər. Əsil tolerantlıq nümunəsi göstərirlər. Rus icmasının sədri E. Romanova bildirir ki, “Cəlilabadda, o cümlədən Privolnoyedə yaşamaqda davam edən rusların hamısı burada doğulub. Bura onların da vətənidir. Bəziləri dövlət, bəziləri isə özəl sahələrdə işləyir, bəziləri isə təqaüdçüdür. Rusiyadakı qohumları ilə əlaqələri güclüdür. İstədikləri vaxt gedib-gələ bilirlər”. Bir sözlə, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş milli dillərindən sərbəst istifadə etmək, milli azlıqların, hüquq və azadlıqlarının qorunması, irqindən, milliyyətindən, dinindən, cinsindən , əqidəsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.

Ələsgər MİRZƏZADƏ,
ADPU Cəlilabad Filialının Baş müəllimi,
tarixçi – tədqiqatçı
[/center]
[center]
[center]