Qəlbi həyat eşqi, yazıb-yaratmaq eşqi ilə döyünən SAKİTƏ ÜLVİNİN bu gün doğum günüdür. 68 yaşının tamamıdır. Onu bizdən 2 ilə yaxın bir zaman məsafəsi ayırır. Yaşasaydı, yenə hamımızı başına yığacaq, xarakterinə xas gülərüzlə, qonaqpərvərliklə zəngin süfrə açacaqdı.
Bu xatirələri yazdığım anda nədənsə gözlərim önündə Sakitə xanımın 60 illik yubileyi gəlir. Bir gün əvvəl Bakıdan Lənkərana getdim. Ertəsi gün gəlinimiz Aytən müəlliməylə Astaraya yola düşdük. Cənubi Azərbaycanla sərhəd kəndlərin birindəki qonaq evinin açıq eyvanında yığışmışdıq. Astaranın şıdırığı yağışı aramsız yağırdı. Amma Sakitə xanımın göz yaşları yağışdan da betər yanaqlarına axırdı. Görən niyə? Bəlkə dostlarla birgə, təmtəraqlı keçirdiyi bu yubileyin sonuncu olacağı ürəyinə dammışdı? Son dərəcə kövrək idi. 65-ini də gördü. Amma 60-ın təmtərağı olmadı. Kovid hamımızı aralı salmışdı.
Sakitə Ülvi mənim sonuncu rəfiqələrimdən idi. O mənada ki, rəfiqələrimlə dostluğumun yaşı elə özümüzün yaşımız qədərdir... 2012-ci ilin 20 oktyabrında yazıçı-dramaturq Fatma Həsənqızının doğma Astarasının Kakalos kəndində 80 illik yubileyi keçirilirdi. Bakıdan böyük dəstə ilə getmişdik. Yerli ziyalılar da tədbirə qatılmışdılar. Əksəriyyəti çıxış elədi. Bir xanım çəkisinə uyğun ağır addımlarla səhnəyə qalxdı. 5 kəlmə təbrik, 4 misralıq şeir deyib yerinə qayıtdı. Çıxışı hamının diqqətini cəlb etdi. Elə həmin gündən başlanan tanışlığımız bacılıq münasibətinə, dostluğa çevrildi. Ailəvi yaxınlığımız yarandı. Sevgi dastanları birgə təhsil aldıqları sinif yoldaşlığından başlayan ömür-gün dostu Mərhəmət Əliyevlə bacı-qardaş qədər doğmalaşdıq. Nə vaxt Bakıya gəlsəydilər, mütləq görüşməliydik. Biz də Lənkərana gedəndə Astaraya gedib onların qonağı olurduq.
Duyğusal xanım gəncliyindən şeir yazsa da kitab çıxarmağa cəhd etməmişdi. Dostluğumuzdan sonra "sandıq ədəbiyyatı"nın qıfılını açdı, yazdıqlarını çap elətdirdi. Kitablarına ön söz yazdım. Təqdimatlarına Astaraya getdim. O da beləcə. Astaradan Bakıya gəlib mənim təqdimatlarımda iştirak edir, sözünü deyirdi.
"Söz" jurnalında şeirləri, hekayələri, publisistik yazıları yer aldı. Yazıçılar Birliyinin üzvü oldu. Prezident mükafatçısı oldu.
Sakitə xanım Mərhəmət Əliyevlə 45 illik ömür yollarında 4 övlad böyüdüb, 9 nəvənin sevincini yaşadı.
Nəvə toylarını görmək arzusunda idi. Amansız əcəl arzularını həyata keçirməyə macal vermədi. İnsan ömrü yüzü adlayıb keçsə də arzular bitib-tükənmir. Kaş ki, ömür yolları bitib tükənməz olaydı. Bir də ki, bir ayrılıq, bir ölüm heç biri olmayaydı. Kaş ki...
Məkanın cənnət, ruhun şad olsun, Sakitə xanım. Ömür qismətin bitsə də, səni sevənlərin ürəyində var olub yaşayacaqsan. Xeyirxah əməllərinlə, yazıb-yaratdıqlarınla, nəsil davamçılarınla...
Sevda ƏLİBƏYLİ